Azərbaycanın iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin olunub

Azərbaycanın iqtisadi artımı qeyri-neft sektorunun hesabına

2026-cı ilin ilk doqquz ayında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5% artıb. Bu müddətdə qeyri-neft-qaz sektorunda iqtisadi artım daha yüksək olmaqla 2,6% təşkil edib. İqtisadi genişlənmənin tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması diqqət çəkir.

Bu barədə İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Elvin Camalov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunda artımın əsas hərəkətverici qüvvələri sənaye istehsalı, nəqliyyat-logistika fəaliyyəti və rəqəmsal xidmətlər olub.

Açıqlanan statistik göstəricilərə əsasən, cari ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz sənayesi 6,3% böyüyüb. Nəqliyyat sektorunda artım 10%, informasiya və rabitə sahəsində isə 11,1% təşkil edib.

Qeyri-neft-qaz sənayesi, nəqliyyat və informasiya-rabitə sektorlarında qeydə alınan müsbət dinamika ölkə iqtisadiyyatının artımına əsas töhfəni verib. Göstəricilər iqtisadi fəallığın qeyri-neft istiqamətlərində genişlənməsinin davam etdiyini nümayiş etdirir.