Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 5-də dövlət qulluğu vəzifələrinin müxtəlif altqrupları üzrə test imtahanları təşkil edəcək.
İmtahanlar dövlət qulluğunun A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC, eləcə də B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə keçiriləcək.
Namizədlər üçün imtahanlar saat 10:00-da və 16:00-da başlayacaq. Saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına gələn şəxslərin imtahanda iştirakına icazə verilməyəcək. İmtahanın keçiriləcəyi ünvan, bina, vaxt, namizədlərin gəlməli olduğu saat və digər vacib məlumatlar buraxılış vərəqələrində əks olunub.
DİM-in məlumatına görə, imtahanlarda iştirak üçün qeydiyyat oktyabrın 2-dən 22-dək aparılıb. Bu müddət ərzində ümumilikdə 1824 namizəd müraciət edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytına daxil olaraq "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.
İmtahana gələn namizədlər şəxsiyyətlərini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.
Test imtahanları kompüterlər vasitəsilə elektron formada Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan prosesinin təşkili üçün 2 ümumi imtahan rəhbəri, 20 zal administratoru, 122 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.