DİM sabah dövlət qulluğu üzrə test imtahanları keçirəcək

DİM sabah dövlət qulluğu üzrə

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il noyabrın 5-də dövlət qulluğunun A və B növlərinə aid vəzifələr üzrə test imtahanları təşkil edəcək. İmtahanlarda AB, AC, BA və BB altqruplarına uyğun vəzifələrə iddia edən namizədlər iştirak edəcəklər.

İmtahanlar saat 10:00-da və 16:00-da başlayacaq. Namizədlər müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına buraxılmayacaqlar.

DİM-in məlumatına görə, namizədlərin imtahana buraxılış vərəqələrində imtahanın keçiriləcəyi yer, vaxt, bina, gəlməli olduqları saat və digər zəruri məlumatlar qeyd olunub.

İmtahanlarda iştirak etmək üçün qeydiyyat oktyabrın 2-dən 22-dək aparılıb. Həmin müddətdə ümumilikdə 1 824 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytına daxil olaraq  "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Test imtahanları elektron formada, kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

İmtahanların keçirilməsini təmin etmək məqsədilə 2 ümumi imtahan rəhbəri, 20 zal administratoru, 122 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı cəlb edilib.