“Disney” minlərlə iş yerini ixtisar etməyə hazırlaşır

“Disney” minlərlə iş yerini

“Walt Disney Co.” şirkəti minlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır. “Bloomberg” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, şirkət rəhbərliyi bir qrup menecerdən illik xərcləri 20% azaltmağı tələb edib.

Agentliyin məlumatına əsasən, ixtisarlar “Disney”in tematik parklar, televiziya kanalları və kino studiyası da daxil olmaqla bir sıra bölmələrinə təsir göstərə bilər. Bəzi struktur vahidlərinin digər bölmələrlə müqayisədə daha ciddi zərər görəcəyi gözlənilir.

Mənbələrin bildirdiyinə görə, şirkətin baş icraçı direktoru Coş D'Amaro qənaət edilən vəsaitin bir hissəsini kino və televiziya məzmununun istehsalına, texnologiyalara, eləcə də kruiz biznesinin inkişafına yönəltmək niyyətindədir. “Disney”in nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Son illərdə “Disney” xərclərin azaldılması proqramı çərçivəsində milyardlarla dollar qənaət edib və minlərlə iş yerini ləğv edib. Əvvəlki ixtisarlar ABC, Pixar, ESPN, “Disney” kino studiyası və əyləncə tədbirlərinin təşkili bölməsi də daxil olmaqla, şirkətin müxtəlif struktur vahidlərini əhatə edib.

Ötən maliyyə ilinin sonunda şirkətin əməkdaşlarının ümumi sayı 231 min nəfər olub.

“The Wall Street Journal” nəşri də oktyabr ayında “Disney”in televiziya bölməsində yenidənqurma aparmağı, hüquq və beynəlxalq əlaqələr şöbələrində isə iş yerlərini azaltmağı planlaşdırdığı barədə məlumat yayıb.

Yeni qənaət tədbirləri şirkətin əməliyyat xərclərini azaltmaqla yanaşı, vəsaitləri inkişaf potensialı daha yüksək hesab etdiyi istiqamətlərə yönəltmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

MONETAR.AZ