Azərbaycanda dövlət rüsumundan azadolma hallarının müxtəlif qanunvericilik aktlarında ayrı-ayrılıqda nəzərdə tutulması nəticəsində yaranan pərakəndəliyin aradan qaldırılması təklif edilir.
Bunu Maliyyə Nazirliyi Aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mülki Prosessual Məcəlləyə və digər qanunlara təklif olunan dəyişiklikləri təqdim edərkən bildirib.
Onun sözlərinə görə, hazırda dövlət rüsumundan azadolma halları yalnız “Dövlət rüsumu haqqında” Qanunda deyil, müxtəlif sahəvi qanunlarda da əksini tapıb. Bu isə məsələnin tənzimlənməsində müəyyən pərakəndəlik yaradır. Hazırlanan layihənin əsas məqsədlərindən biri həmin halların daha sistemli şəkildə tənzimlənməsini təmin etməkdir.
Asif Qasımov dəyişikliklərin digər istiqamətinin artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumlarının elektron qaydada geri qaytarılması ilə bağlı olduğunu qeyd edib.
Bildirilib ki, “Dövlət rüsumu haqqında” Qanunda “e-rüsum” altsisteminin funksiyalarından biri artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumları ilə bağlı müraciətlərin qəbul edilməsi və onlara baxılmasıdır.
Təklif olunan dəyişikliklər isə bu mexanizmin qanunvericiliyə uyğunlaşdırılmasını və həmin vəsaitlərin “e-rüsum” altsistemi vasitəsilə geri qaytarılması qaydasının tənzimlənməsini nəzərdə tutur.