ABŞ-də 100 dollarlıq elektrik enerjisi və yanacaqla qət edilə bilən məsafə avtomobillərin növündən asılı olaraq kəskin fərqlənir. Elektrik avtomobilləri reytinqdə ilk sıraları tutduğu halda, iri dizel pikaplar sonuncu yerlərdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, 100 dollarlıq ev elektrik enerjisi ilə ən çox məsafə qət edən avtomobil Tesla Model Y olub. Model 100 dollarlıq enerji büdcəsi hesabına təxminən 3 400 kilometr məsafə qət edə bilir.
Tesla Model 3 təxminən 3 360 kilometr göstərici ilə ikinci, Toyota bZ isə 3 260 kilometr ilə üçüncü yerdə qərarlaşıb. İlk beşlikdə Chevrolet Equinox EV (2 720 kilometr) və Hyundai Ioniq 5 (2 680 kilometr) də yer alıb.
Hibrid avtomobillər arasında Toyota Prius 100 dollarlıq yanacaqla təxminən 1 990 kilometr məsafə qət edərək lider olub. Hyundai Elantra 1 950 kilometr, Honda Civic isə 1 820 kilometr göstərici ilə növbəti yerləri tutub.
Eyni modelin hibrid və benzin versiyaları arasındakı fərq də diqqət çəkir. Belə ki, Toyota Corolla-nın hibrid versiyası 100 dollarlıq yanacaqla təxminən 1 790 kilometr, benzin mühərrikli versiyası isə 1 280 kilometr məsafə qət edir. Bu, hibrid modelin təxminən 40% daha uzağa getməsi deməkdir.
Reytinqin son sıralarında əsasən iri pikaplar qərarlaşıb. Benzinlə işləyən Ford F-Series 100 dollarlıq yanacaqla təxminən 710 kilometr, hibrid versiyası isə 880 kilometr məsafə qət edir. Dizel Chevrolet Silverado 590 kilometr göstərici ilə sonuncu, GMC Sierra isə 600 kilometr ilə sonuncudan əvvəlki yerdədir.
Məlumatlar 2026-cı il oktyabrın 19-na olan ABŞ yanacaq qiymətləri və avqust ayının elektrik enerjisi tarifləri əsasında hazırlanıb. Hesablamalarda elektrik avtomobillərinin evdə şarj edildiyi qəbul olunub. İctimai sürətli şarj məntəqələrində isə xərclər daha yüksək ola bilər.
Bununla belə, yanacaq xərcləri avtomobil satışlarına hər zaman həlledici təsir göstərmir. 2026-cı ilin sentyabr ayına qədər ABŞ-də Ford F-Series təxminən 562 min satışla bazarın ən çox satılan avtomobili olub. Chevrolet Silverado 423 min, Honda CR-V isə 337 min satışla növbəti yerləri tutub.