Citi bankının analitikləri hesab edirlər ki, 2026-cı ilin birinci yarısında Yaponiya yeninin zəifləməsinin əsas səbəblərindən biri ölkə fond bazarında müşahidə olunan tarixi yüksəliş, eləcə də investorlar arasında səhmlərin satışına əsaslanan hedcinq strategiyalarının geniş yayılması olub.
Bankın analitik qeydində bildirilir ki, Yaponiya səhmlərinin dinamikası ilə milli valyutanın məzənnəsi arasındakı səbəb-nəticə əlaqələri kifayət qədər mürəkkəbdir. Fond bazarının yüksəlişi fonunda milli valyutanın zəifləməsi tendensiyası digər Asiya ölkələrində də müşahidə olunur. Cənubi Koreya bu baxımdan nümunə kimi göstərilir.
Citi baza ssenarisində Yaponiya fond bazarında davamlı eniş gözləmir. Bununla belə, analitiklər səhmlərin növbəti korreksiyası baş verərsə, yenin möhkəmlənə biləcəyini istisna etmirlər.
Bankın proqnozuna görə, ABŞ və Yaponiya fond bazarlarının bərpası fonunda USD/JPY məzənnəsi bir dollar üçün təxminən 160 yenə yüksələrsə, Yaponiya hakimiyyəti milli valyutanı dəstəkləmək məqsədilə yenidən valyuta intervensiyasına əl ata bilər.
Citi-nin qiymətləndirməsi Asiya bazarlarında səhm indekslərinin hərəkəti ilə valyuta məzənnələri arasında qarşılıqlı təsirin mürəkkəb xarakter daşıdığını göstərir.
MONETAR.AZ