Buğda bahalaşıb, qarğıdalı və soya ucuzlaşıb

Buğda bahalaşıb, qarğıdalı və soya

Dünya əmtəə bazarlarında taxıl fyuçersləri qarışıq dinamika göstərib. Buğdanın dekabr fyuçersləri cüzi bahalaşdığı halda, qarğıdalı və soya paxlasının qiymətləri geriləyib.

Son ticarət göstəricilərinə əsasən, buğdanın dekabr fyuçersləri 0,02% artaraq bir buşel üçün 6,009 dollara yüksəlib. Qarğıdalının qiyməti 0,26% azalaraq 4,476 dollara, soya paxlasının yanvar fyuçersləri isə 0,24% ucuzlaşaraq 12,275 dollara enib.

Bununla belə, həftəlik nəticələr müsbət olaraq qalır. Həftə ərzində qarğıdalı 1,73%, soya paxlası isə 3,28% bahalaşıb.

Çikaqo birjasında buğda fyuçersləri çərşənbə günü 6,75–10,5 sent artım qeydə alıb. Avropa bazarında da qiymətlərin bərpası davam edir. Belə ki, Euronext birjasında buğdanın dekabr fyuçersləri həmin gün 2,6% bahalaşaraq bir ton üçün 236,50 avroya çatıb.

Avropa buğda bazarında yüksəliş əvvəlki enişdən sonra baş verib. Cümə günü qiymət bir ton üçün 218,50 avroya düşərək son dörd ayın minimumunu qeydə almışdı. Sonrakı ticarət sessiyalarında isə fyuçerslər itkilərinin bir hissəsini bərpa edib.

Bazar iştirakçılarının diqqətində olan digər mühüm məsələ Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyətdir. Əbu-Dabidə keçirilən danışıqlar bu istiqamətdə razılaşma ilə nəticələnməyib. Avqustun ortalarında limanlara edilən hücumlardan sonra Rusiyanın buğda ixracının normal həcminin təxminən yarısı səviyyəsində həyata keçirildiyi bildirilir.

Taxıl bazarında qiymətlərin istiqamətinə həm birjaların həftəlik dinamikası, həm də Qara dəniz regionunda ixrac marşrutları ilə bağlı geosiyasi risklər təsir göstərir.

MONETAR.AZ