Dövlət İmtahan Mərkəzində (DİM) bir sıra fənlər üzrə qəbul imtahanlarının modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsinə həsr olunan seminarlar keçirilib.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının və Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən institutların müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Regionlarda çalışan müəllimlər isə DİM-in Naxçıvan, Gəncə, Göyçay, Şəki və digər regional bölmələri vasitəsilə onlayn şəkildə müzakirələrə qoşulublar.
Fizika, rus dili, tarix, biologiya, coğrafiya və riyaziyyat fənləri üzrə təşkil olunan seminarlarda ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə uyğun tapşırıq nümunələri nəzərdən keçirilib. Təqdim edilən tapşırıqlar fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələbləri əsas götürülməklə mövzu, məzmun, mürəkkəblik səviyyəsi və uyğunluq kateqoriyaları üzrə qiymətləndirilib.
Müzakirələr zamanı Fizika İnstitutunun əməkdaşı Vahid Tanrıverdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Azər Allahverdiyev, Bakı şəhərindəki Heydər Əliyev adına liseyin müəllimi Hafiz Cabbarov, Ankara liseyinin biologiya müəllimi Eltən Abdullayev, paytaxtdakı 81 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Dilqəm Məhərrəmli və digər iştirakçılar fikir, qeyd və təkliflərini səsləndiriblər.
Regional bölmələrdən onlayn qoşulan müəllimlər də müzakirələrdə fəal iştirak ediblər. Belə ki, tarix fənni üzrə Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin müəllimi Ramin Quliyev, biologiya fənni üzrə Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbin müəllimi Sevinc Səfərova və Kəlbəcər rayonu 11 nömrəli tam orta məktəbin müəllimi Şəfa Şirinova, coğrafiya fənni üzrə isə Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbin müəllimi Sənan Ələkbərov müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Seminarlar çərçivəsində tapşırıq nümunələrinin müzakirəsinin növbəti həftə də davam etdirilməsi nəzərdə tutulur.