Türk lirəsinin idarə olunan devalvasiyası

Türk lirəsinin idarə olunan

Türk lirəsi apreldə ABŞ dollarına qarşı 44,9 səviyyəsinə enərək tarixi minimuma yaxınlaşıb. Bununla belə, məzənnədəki zəifləmə Türkiyə Mərkəzi Bankı tərəfindən idarə olunan və tədrici devalvasiya çərçivəsində həyata keçirilir.

Məlumata görə, bank valyuta bazarına müdaxilələri davam etdirərək lirənin kəskin ucuzlaşmasının qarşısını almağa çalışır. Aprel ayında keçirilən ikinci iclasda əsas faiz dərəcəsi dəyişdirilməyib. Bu qərar əvvəllər planlaşdırılan faiz endirimləri kursundan geri çəkilmə ilə üst-üstə düşür.

Analitiklər qeyd edirlər ki, Yaxın Şərqdəki münaqişə nəticəsində enerji qiymətlərinin artması inflyasiya risklərini yüksəldib və bu da monetar siyasətdə daha ehtiyatlı yanaşmanı zəruri edib.

Bundan əlavə, Mərkəzi Bank mart ayının ilk həftəsində lirəni dəstəkləmək üçün 8 milyard ABŞ dollarından çox valyuta satıb. Eyni zamanda, repo əməliyyatlarının dayandırılması bank sistemində likvidliyin azalmasına səbəb olub və nəticədə gecəlik faiz dərəcələri 40 faizə qədər yüksəlib.

Mütəxəssislərin fikrincə, bu tədbirlər maliyyə şərtlərini sərtləşdirərək milli valyutanın sabitliyini qorumağa yönəlib.

MONETAR.AZ