Rusiya nefti Ukrayna ərazisindən tranzitlə Macarıstan və Slovakiyaya “Drujba neft kəməri” vasitəsilə yenidən nəql olunmağa başlayıb. Bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova məlumat verib.
Onun sözlərinə görə, neft tədarükü aprelin 23-də yerli vaxtla saat 02:00-da başlayıb və razılaşdırılmış qrafik üzrə davam edir.
Məlumatı MOL Group da təsdiqləyib. Şirkət bildirib ki, neft Fenyeşlitke (Macarıstan) və Budkovce (Slovakiya) neftötürmə məntəqələrinə uğurla çatıb.
Tranzitin bərpası Ukrayna tərəfində yanvarın sonunda pilotsuz uçuş aparatının zərbəsi nəticəsində zədələnmiş infrastrukturun tam təmir edilməsindən sonra mümkün olub.
“Drujba neft kəməri”nin cənub qolunun dayanması ciddi siyasi nəticələrə səbəb olmuşdu. Neft emalı zavodları əsasən Rusiya mənşəli Urals markalı xam neftə uyğunlaşdırılmış Macarıstan və Slovakiya enerji çatışmazlığı riski ilə üzləşmişdi.
Bu fonda, istefaya gedən Macarıstanın baş naziri Viktor Orban hökuməti Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq Avropa makromaliyyə yardımını veto etmişdi. Rəsmi Budapeşt tranzit tam bərpa olunmadan bloklamanı aradan qaldırmayacağını bildirmişdi.
Kəmər üzrə nəqlin bərpa olunmasından və MOL Group tərəfindən neftin qəbulunun təsdiqlənməsindən sonra Avropa Şurası Ukraynaya maliyyə yardımının ayrılmasını və Rusiyaya qarşı 20-ci sanksiya paketini rəsmi şəkildə təsdiqləyib.
MONETAR.AZ