Beynəlxalq xəbər agentliyi Reuters hazırkı qlobal enerji böhranının miqyasını əvvəlki böyük enerji şokları ilə müqayisə edib. Agentliyin məlumatına görə, Yaxın Şərqdəki münaqişə neft tədarükündə tarixdə ən böyük gündəlik itkilərə səbəb olub.
Məlumatlar Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən təqdim edilib. Bildirilir ki, cari böhran zamanı təklif itkisi gündəlik 12 milyon bareli ötür ki, bu da dünya üzrə neft tələbatının təxminən 11,5 faizinə bərabərdir. Qeyd olunur ki, 2026-cı ildə qlobal neft tələbatının orta hesabla 104,3 milyon barel olacağı gözlənilir.
Müqayisə üçün qeyd edilir ki, 1973-cü il ərəb neft embarqosu zamanı gündəlik itkilər təxminən 4,5 milyon barel, 1978–1979 İran inqilabı dövründə isə 5,6 milyon barel olub. Həmçinin 1991-ci il Körfəz müharibəsi zamanı maksimum itkilərin 4,3 milyon barel səviyyəsində olduğu vurğulanır.
Agentliyin məlumatına görə, hazırkı böhran həmçinin təbii qaz bazarına da ciddi təsir göstərib. Xüsusilə Qətərdə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının təxminən beşdə birinin dayanması qlobal təchizatda əlavə gərginlik yaradıb. Bildirilir ki, müasir dövrdə dünya qaz istehlakı 1970–1990-cı illərlə müqayisədə xeyli artıb.
Məqalədə qeyd olunur ki, ilkin mərhələdə böhran daha çox Asiya və Afrika regionlarında tədarük çatışmazlığı ilə özünü göstərib. Bununla belə, tarixən ən böyük neft istehlakçısı olan ABŞ 1973-cü il böhranı zamanı daha ciddi təsirlə üzləşmişdi – o dövrdə yanacaq çatışmazlığı səbəbindən uzun növbələr yaranmışdı.
Analitiklərin fikrincə, əvvəlki enerji şokları kimi, hazırkı böhran da dövlətlərin enerji siyasətinə və enerji təhlükəsizliyi strategiyalarına yenidən baxmasına səbəb ola bilər.
MONETAR.AZ