Alternativ enerji 2025-ci ildə artan tələbatı tam ödəyib

Alternativ enerji 2025-ci ildə artan

2025-ci ildə dünyada artan elektrik enerjisi tələbatı tam şəkildə təmiz enerji mənbələri hesabına qarşılanıb. Bu barədə enerji üzrə analitik mərkəz Ember tərəfindən yayımlanan yeni hesabatda bildirilir.

Hesabata əsasən, aşağı karbonlu enerji istehsalı 2024–2025-ci illər ərzində 887 teravatt-saat (TWh) artıb. Eyni dövrdə qlobal elektrik istehlakı 849 TWh yüksəlib. Bu artımın böyük hissəsi Çinin payına düşür – ölkədə tələbat 503 TWh artaraq ümumi artımın təxminən 59 faizini təşkil edib. Sonrakı yerlərdə ABŞ (+131 TWh, 15 faiz) və Hindistan (+49 TWh, 6 faiz) qərarlaşıb.

Araşdırmaya görə, elektrik tələbatındakı bu artım tamamilə təmiz enerji mənbələrinin genişlənməsi ilə təmin olunub. Xüsusilə günəş enerjisi əsas rol oynayıb – təkcə bu mənbə 2025-ci ildə 636 TWh əlavə istehsal edərək ümumi artımın 75 faizini qarşılayıb. külək enerjisi isə 205 TWh ilə ikinci ən böyük töhfəni verib.

Eyni zamanda qeyd olunur ki, fosil yanacaqlar əsasında enerji istehsalı COVID-19 pandemiyası dövründən sonra ilk dəfə artmayıb, əksinə 38 TWh (−0,2 faiz) azalıb. Bu azalma əsasən Çin (−56 TWh) və Hindistanda (−52 TWh) fosil yanacaq istehsalının aşağı düşməsi ilə bağlıdır.

MONETAR.AZ