Bu gün Azərbaycanda Novruz bayramının üçüncü çərşənbəsi – Yel çərşənbəsi qeyd edilir.
Xalq inanclarına görə, bu çərşənbə yazın yaxınlaşdığını xəbər verən mərhələlərdən biridir. Etiqadlara əsasən, bu gün oyanan yel və külək dünyanı dolaşaraq təbiətə can verir, suyu və odu hərəkətə gətirir, canlı aləmə yeni nəfəs bəxş edir. El arasında buna görə də Yel çərşənbəsi “yelli-küləkli çərşənbə” kimi də tanınır.
Ənənəyə uyğun olaraq, axşam saatlarında həyətlərdə və məhəllələrdə tonqallar qalanır. İnsanlar tonqal ətrafında toplaşaraq növbə ilə onun üzərindən üç dəfə tullanırlar. Bu mərasim qədim inanclara görə, insanı azar-bezardan qorumaq, bədbəxtlik və uğursuzluqlardan uzaq olmaq niyyəti ilə həyata keçirilir.
Yel çərşənbəsi həm də qarşıdan gələn son çərşənbə və Novruz bayramı üçün hazırlıq dövrü hesab olunur. Bu günlərdə evlərdə təmizlik işləri aparılır, həyət-baca səliqəyə salınır, müxtəlif şirniyyatlar və bayram təamları hazırlanır.
Azərbaycan mifoloji düşüncəsində yel həm də yol göstərən və bələdçilik edən qüvvə kimi qəbul edilir.
Qeyd edək ki, Novruzun sonuncu – ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi martın 17-də qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-də Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-də isə ölkədə Novruz bayramı qeyd ediləcək.
MONETAR.AZ