ABŞ Prezidenti Donald Tramp İran ətrafında yaranmış vəziyyət və Hörmüz boğazı ilə bağlı fikirlərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki,“New York Post” qəzetinə telefon müsahibəsində danışan dövlət başçısı İranın hərbi potensialının böyük ölçüdə məhv edildiyini iddia edib. O bildirib ki, həyata keçirilən əməliyyatlar nəticəsində bu ölkənin imkanları ciddi şəkildə zəiflədilib və proses hələ bir müddət davam edəcək.
ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton bölgədə uzun müddət qalmaq niyyətində deyil və münaqişənin uzanmayacağı gözlənilir. Onun sözlərinə görə, İranın raket imkanlarına qarşı tədbirlər yaxın zamanda da davam etdiriləcək.
Hörmüz boğazında vəziyyətə toxunan Donald Tramp son bir ay ərzində bu marşrut üzrə tanker hərəkətində azalma müşahidə olunduğunu bildirib. O vurğulayıb ki, boğazın açılması məsələsi ilk növbədə ondan istifadə edən ölkələrin məsuliyyətindədir. Prezident əlavə edib ki, neft resurslarına çıxışı olan dövlətlər bu marşrutun fəaliyyətinin bərpasında maraqlı olacaqlar.
ABŞ Prezidenti həmçinin bildirib ki, İranda əvvəlki rəhbərlərin əksəriyyəti artıq aradan götürülüb və onların yerinə yeni şəxslər gəlib. Onun fikrincə, bu vəziyyət müəyyən mənada ölkədə rejim dəyişikliyi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, ABŞ-ın İranla bağlı mümkün danışıqları barədə suala cavabında Donald Tramp bu istiqamətdə strategiyasını açıqlamaq istəmədiyini deyib.
MONETAR.AZ