OECD-nin 2025-ci ilin dekabrında dərc olunan Economic Outlook hesabatına görə qlobal iqtisadiyyat ötən il risklərə baxmayaraq dayanıqlıq nümayiş etdirib. Bununla belə, siyasət sahəsində qeyri-müəyyənlik və ticarət maneələrinin artması kimi risklər qalmaqdadır. Proqnozlara əsasən, dünya üzrə ÜDM artımı 2025-ci ildəki 3,2 faizdən 2026-cı ildə 2,9 faizə enəcək.
G20 ölkələri (qlobal ÜDM-in təxminən 80 faizini təşkil edir) arasında isə bəzi dövlətlərin orta göstəricidən xeyli yüksək templə böyüməyə davam edəcəyi gözlənilir.
Siyahıya Hindistan başçılıq edir. Ölkədə real ÜDM artımının 2026-cı ildə 6,2 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə bu göstərici 6,7 faiz təşkil edib. Artım əsasən güclü daxili tələbat, rəqəmsal transformasiya və istehsal sektorunun inkişafı ilə əlaqələndirilir.
İndoneziyada həm 2025, həm də 2026-cı illər üçün iqtisadi artım 5 faiz səviyyəsində gözlənilir. Bu artım gənc əmək bazarı və xammal ixracı hesabına təmin olunur.
Çində iqtisadi artım tempinin 2026-cı ildə 4,4 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə bu göstərici 5 faiz idi. Struktur çətinliklərə baxmayaraq, Çin qlobal iqtisadiyyatda əsas oyunçulardan biri olaraq qalır.
Səudiyyə Ərəbistanında isə 2026-cı ildə ÜDM artımının 4 faiz səviyyəsində olacağı gözlənilir. Buna neft gəlirləri və “Vision 2030” milli inkişaf strategiyası çərçivəsində həyata keçirilən iqtisadi şaxələndirmə tədbirləri dəstək verir.
Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3,4 faiz artacağı proqnozlaşdırılır. G20 ölkələri üzrə orta artım tempi isə 2026-cı ildə 2,9 faiz səviyyəsində qiymətləndirilir.
Monetar.az