Çin şirkətlərinin Mərakeşin avtomobil sənayesinə yatırımları keyfiyyətcə yeni mərhələyə keçərək ənənəvi istehsal sahələrindən daha çox avtomobil elektronikası, sensorlar və yarımkeçiricilər kimi yüksək texnologiyalı istiqamətlərə yönəlməyə başlayıb.
Ekspertlərin fikrincə, son aylarda bir sıra Çin şirkətlərinin Mərakeşdə yüksək texnologiyalı avtomobil layihələri elan etməsi əvvəlki dövrlərdə əsasən naqil sistemləri və şin istehsalına fokuslanan investisiya modelindən uzaqlaşmanın göstəricisidir.
Çinin avtomobil ehtiyat hissələri istehsalçısı Jiangsu Yunyi Electric bu həftə açıqlayıb ki, şirkətin direktorlar şurası Mərakeşdə yarımkeçiricilər, eləcə də oksigen və azot sensorlarının istehsalı üzrə zavodun tikintisini təsdiqləyib. Layihənin investisiya həcmi təxminən 609 milyon Mərakeş dirhəmi (təqribən 60 milyon dollar) təşkil edir.
Avqust ayında isə Tianyouwei şirkəti Mərakeşdə avtomobil elektronikası üzrə ixtisaslaşacaq törəmə müəssisə yaratmaq planlarını açıqlayıb. Şirkət bu layihəyə 683 milyon dirhəmdən artıq kapital yatırılacağını və yeni müəssisənin onun əsas xaricdəki istehsal mərkəzlərindən birinə çevriləcəyini bildirib.
Bundan əvvəl, iyul ayında avtomobil təhlükəsizlik texnologiyaları istehsalçısı Bethel Automotive Safety Systems Mərakeşdə tamamilə özünə məxsus törəmə şirkət yaratmaq üçün 75 milyon dollar sərmayə qoyacağını bəyan edib.
İqtisadçı Rəşid Sari Hespress AR-ə açıqlamasında bildirib ki, Mərakeşin avtomobil sənayesi son 20 ildə ciddi şəkildə inkişaf edib və bu, ölkəyə daha mürəkkəb və texnoloji baxımdan inkişaf etmiş investisiyaları cəlb etməyə imkan verib.
“Bu gün Mərakeşin avtomobil sektoru artıq yalnız naqillər və sadə komponentlərlə məhdudlaşmır. Sənaye inkişaf etmiş elektronika və getdikcə elektrik avtomobilləri üçün batareyaları da əhatə edir”, deyə o qeyd edib.
O əlavə edib ki, Mərakeşdə avtomobil sənayesi ilə əlaqəli tədqiqat laboratoriyaları da yaradılıb. Bu layihələrə Mərakeşin dünya miqyasında lider olduğu fosfat ehtiyatları əsasında elektrik avtomobilləri üçün batareyaların hazırlanması da daxildir.
Çinli siyasi analitik Ronq Huan (Nader) isə bildirib ki, Çin şirkətləri Mərakeşi ABŞ və Avropa bazarlarında rəqabət aparmaq üçün strateji platforma kimi görür. Onun fikrincə, ixtisaslı işçi qüvvəsi, siyasi sabitlik və elektrik avtomobillərinə keçid bu marağı daha da gücləndirir.
Analitik Mərakeşdə elektrik enerjisinin təxminən 40%-nin külək və günəş enerjisi hesabına istehsal olunduğunu, həmçinin ölkənin Avropa İttifaqı ilə azad ticarət sazişlərinə və ABŞ bazarına güzəştli çıxış imkanlarına malik olduğunu vurğulayıb.
“Bu amillər Mərakeşi Çin avtomobil investisiyaları üçün mühüm istiqamətə çevirir və Çin–Afrika iqtisadi əməkdaşlığı üçün nümunə rolunu oynayır”, – deyə Ronq Huan qeyd edib.
MONETAR.AZ