31 milyonluq layihə: Balakəndə su və kanalizasiya şəbəkəsi yenidən qurulacaq

31 milyonluq layihə: Balakəndə su və kanalizasiya şəbəkəsi
5 Avqust 2025 16:04

Balakən şəhərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün tender elan edilib.

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi tərəfindən elan olunan tenderin əsas məqsədi Balakən şəhərinin su və kanalizasiya infrastrukturunu tamamilə yeniləməkdir.

Müsabiqənin ehtimal olunan dəyəri 30 milyon 869 min 252 manat 13 qəpik təşkil edir. 

ADSEA-dan bildirilib ki, layihənin birinci mərhələsi su mənbələrinin yaradılması, anbarların və magistral su kəmərlərinin tikintisini əhatə edir. Layihənin icrasına başlandıqdan ötən müddət ərzində 10 subartezian quyusu qazılaraq istismara hazır vəziyyətə gətirilib. Su anbarları ərazisində hər birinin tutumu 2000 kubmetr olan 2 yeni su anbarının inşası yekunlaşıb, eyni zamanda hər birinin həcmi 500 kubmetr olan 2 mövcud su anbarı yenidən qurulub. Layihə çərçivəsində anbarlararası xətlərin tikintisi və elektrik təchizatı sistemlərinin yaradılması işləri həyata keçirilib.

Balakən şəhərinin içməli suya olan tələbatını tam ödəmək məqsədilə Siltikçay mənbəyində də işlər görülüb. Şəhərin alternativ mənbəyi kimi Siltikçayın məcrasında yeni suqəbuledici qurğu inşa edilib. Su mənbələrindən Balakən şəhərinə 7,6 kilometr uzunluğunda magistral su kəməri çəkilib.

Layihənin növbəti mərhələlərində Balakən şəhərinin içməli və tullantı su şəbəkələri yenidən qurulacaq. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 8 su anbarının tikintisi və yenidən qurulması layihələndirilib. Balakən şəhərində 139 kilometr uzunluğunda içməli su və 77 kilometr uzunluğunda tullantı su şəbəkəsi yaradılacaq. Layihənin əhatə etdiyi ərazilərdə bütün istifadəçilər yeni şəbəkəyə qoşulacaq və sayğacla təmin olunacaq. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə tullantı sutəmizləyici qurğunun inşası da nəzərdə tutulur.

Bu layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 31 mindən çox sakin faydalanacaq.

Qeyd olunub ki, Balakən şəhərinin mövcud içməli və tullantı su şəbəkələri 1960-70-cı illərdə yaradılıb. 87,5 kilometr uzunluğunda içməli su şəbəkəsi uzun illərdir istismar olunur və tələbatı ödəmir, 15 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi isə şəhərin bir hissəsini əhatə edir.

MONETAR.AZ


Oxşar xəbərlər