Çin avtomobillərinin idxalında etibar böhranı

Azərbaycanın avtomobil bazarında Çin markalarının artan populyarlığı ilə logistika zəncirindəki problemlər də gündəmə gəlir. Avtomobil satıcıları ilə alıcılar arasında yaranan münasibətlərdə ən həssas məqamlardan biri sifariş edilən avtomobilin çatdırılma müddətidir. Təəssüf ki, bazardakı bəzi şirkətlər rəqabət naminə real olmayan vədlər verməklə müştərilərin etibarını sarsıdır.
Təsəvvür edin: 2 fərqli şirkət Çindən eyni avtomobili sifariş etdiyinizdə fərqli çatdırılma müddətləri təklif edir. Bir satıcı avtomobilin 50 günə gətiriləcəyini, digəri isə bu müddətin 25 gün olacağını vəd edir. Müştəri, təbii olaraq, daha qısa müddət təklif edən şirkəti seçir. Lakin bu "sürətli" vəd çox vaxt reallıqdan uzaq olur və avtomobil yenə də 50 günə, bəzən isə daha gec çatır.
Bu vəziyyət bizə bir həqiqəti xatırladır: "Biz tez-tez dürüst və realistik vədlər verənləri yox, xoşumuza gələn yalanları deyənləri seçirik." Ancaq bu seçim bir dəfəlik uğur gətirsə də, uzunmüddətli zərərə səbəb olur. Müştəriyə bir dəfə yalan danışmaq olar, lakin ikinci dəfə onun etibarını qazanmaq mümkün deyil. Nə qədər böyük reklam büdcələri ayrılsa da, nə qədər cəlbedici şəxsi təkliflər edilsə də, sarsılan etibarı bərpa etmək demək olar ki, qeyri-mümkündür.
Əslində, bu, avtomobil satıış sektorunda dürüstlük və şəffaflığın nə qədər vacib olduğunu göstərir. Avtomobil idxal edən şirkətlər üçün ən böyük kapital müştəri etibarıdır. Avtomobilin Çindən gətirilməsi zamanı baş verə biləcək potensial gecikmələr (limanlarda sıxlıq, gömrük rəsmiləşdirilməsi və s.) barədə müştəriyə qabaqcadan açıq şəkildə məlumat vermək önəmlidir.
Çin avtomobilləri bazarında davamlı müştəri bazası yaratmaq qısa müddətli, yalançı vədlərdən yox, yerinə yetirilən vədlərdən asılıdır. "Müştəri bir dəfə aldanar, ikinci dəfə isə itirilər" deyimi bu sektor üçün qızıl qayda olmalıdır.
MONETAR.AZ