İqtisadçı-ekspert ABB-nin ipoteka siyasətini sərt tənqid etdi

Son dövrlər bankların xaricdə yaşayan vətəndaşlarımıza ipoteka krediti təklif etməsi məsələsi sosial şəbəkələrdə və mediada geniş müzakirə olunur. İqtisadçı-ekspert Gunay Hüseynova öz sosial şəbəkə hesabında bu mövzuya toxunaraq Azərbaycan Beynəlxalq Bankının (ABB) yerli və xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün tətbiq etdiyi ipoteka krediti şərtlərini müqayisə edib və bir sıra tənqidi fikirlər səsləndirib.
Ekspertin sözlərinə görə, o, bankın xaricdə yaşayan Azərbaycan vətəndaşlarına ipoteka kreditlərinin verilməsi ilə bağlı məlumat almaq üçün banka müraciət edib. Bir saat 20 dəqiqə gözlədikdən sonra bank əməkdaşı ilə görüşüb və sənədlərinin bankın tələblərinə tam uyğun gəldiyini öyrənib: "Sənədlərə baxdı, iş vəsiqəmə baxdı. Xarici elektron portaldan Qr kodlu sənədlər yükləndi.Burdan baxıldı ki Azərbaycanda indiyə qədər kreditim olmayıb heç. Hərşey tam uyğundur məndə ...İndi şərtlərə baxın..ilkin ödəniş evin qiymətinin 40%, İllikdə 15% ilə özdə ki hələ baxılacaq zəng ediləcək...Ya bunlar camaatı dolayıb ya da yolmağa adam axtarırlar. Birincisi camaat xaricdə pulu süpürgə-xəkəndazla yığmır? Nətər olur ki burdakılara güzəştli 4-8 maximum 12% xaricdən gəliri olana 15%? Elə bizə düşmən lazım deyil. İkincisi burdakılar ilkin 10-20% ödəyir xaricdə yaşayan 40%.
Nümunə olaraq 50 000 manatlıq ev alırsizsa ilkin 20000 manat ödəyirsiniz. Bank sizə 30 000 manat verir. Həmin bu evi 25 illik götürdükdə 30 000 pula 23.000 manat faiz ödəyəcəksiz. Allah eləməmiş xaricdə başınıza bir iş gəlsə taleyi necə olar və ya o aylıq kredit necə olar orasını özünüz fikirləşin"
Ekspert bu vəziyyətin xaricdə yaşayan vətəndaşlar üçün yüksək maliyyə riski daşıdığını vurğulayıb və bildirib ki, bu cür şərtlər onları çətin vəziyyətlərlə üz-üzə qoya bilər.
MONETAR.AZ