ABŞ Rusiyadan neft alan ölkələrə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

ABŞ Rusiyadan neft alan ölkələrə qarşı
5 Avqust 2025 11:47

Vaşinqton Rusiya nefti alan ölkələrə, xüsusən də Çin, Hindistan və Braziliyaya qarşı ikinci dərəcəli sanksiyalar və gömrük rüsumları tətbiq etməyi nəzərdən keçirir. Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uaytaker "Bloomberg TV"yə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, bu tədbirlər ABŞ tərəfindən Ukraynadakı münaqişəni dayandırmaq məqsədi daşıyan "növbəti açıq addım" olmalıdır. O, bu sanksiyaların Rusiya iqtisadiyyatına "həqiqətən də zərbə vuracağını" qeyd edib.

İyulun 14-də ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişə 50 gün ərzində (sentyabrın 3-dək) başa çatmadığı təqdirdə, Rusiya və onun ticarət tərəfdaşlarından gələn mallara 100% gömrük rüsumu tətbiq edəcəyi ilə hədələmişdi. Lakin sonradan Amerika lideri vəziyyətin həllində irəliləyiş görmədiyini və Rusiya Federasiyası ilə danışıqlarda maraqlı olmadığını vurğulayaraq, bu ultimatumun müddətini 10-12 günə qədər qısaltmışdı.

Avqustun 4-də Tramp Rusiya və Ukrayna arasındakı münaqişə avqustun 8-dək həll olunmadığı təqdirdə Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bəyan edib. Avqustun 8-i Amerika liderinin verdiyi 10 günlük ultimatumun bitmə tarixi hesab olunur.

MONETAR.AZ


Oxşar xəbərlər