Azərbaycanda regionun ən böyük Batareya Saxlanc Sistemləri qurulur

Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri (BESS) yaradılmasına başlanılıb.
Monetar.az xəbər verir ki, “AzərEnerji” tərəfindən paytaxta yaxın 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır. Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.
Bildirilib ki, 2027-ci ilə qədər ölkədə yaradılacaq 2 Qiqavat gücündə günəş və külək stansiyalarını şəbəkəyə inteqrasiya etmək məqsədilə “AzərEnerji” tərəfindən hazırda genişmiqyaslı proqram həyata keçirilir. Proqram çərçivəsində enerji saxlanc texnologiyalarının tətbiqi ilə yanaşı ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün Respublikanın ən böyük yarımstansiyalarından biri - 500/330 kV-luq “Nəvahi” Enerji Qovşağı tikilir və ordan Respublikanın müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir, rəqəmsallaşma və şəbəkə idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə kompleks işlər görülür.