“Qara qızıl” dünyanın əksər ölkələrinin iqtisadi taleyini necə müəyyən edir?

“Qara qızıl” dünyanın əksər ölkələrinin iqtisadi taleyini
4 Sentyabr 2025 18:42

   Alternativ enerji mənbələrinin inkişafına baxmayaraq, neft bir çox ölkələrin - həm ixracatçıların, həm də "qara qızıl"ın idxalçılarının iqtisadi rifahını müəyyən edən əsas resurs olmaqda davam edir. Gündəlik qlobal istehlak 100 milyon bareli keçir və artmaqda davam edir. Neft qiymətlərindəki dalğalanmalar qlobal iqtisadiyyatın bütün sahələrinə - minlərlə növ məhsulun istehsalından tutmuş nəqliyyat xərclərinə və inflyasiyaya qədər öz təsirini göstərir. Niyə bəzi neft hasil edən ölkələr çiçəklənir, digərləri isə kasıb qalır və neft sərvəti hansı riskləri gizlədir?

   Bu suallara cavab verməzdən əvvəl qeyd edək: neft bütün beynəlxalq iqtisadi sistemin ən mühüm elementidir. Az adam bilir, amma neftdən plastik, sintetik parçalar, dərmanlar, tikinti və yol örtükləri də daxil olmaqla 6000-dən çox növ məhsul hazırlanır. Neftdən hazırlanan və istənilən ölkənin iqtisadiyyatında inanılmaz əhəmiyyət kəsb edən ən vacib məhsullardan biri də təbii ki, yanacaq (benzin, dizel, təyyarə yanacağı və s.) dır. Neft kimyəvi tərkibinə görə müxtəlif dərəcəli olur. Ümumilikdə neftin 200-dən çox çeşidi var. Bundan əlavə, kimyəvi xüsusiyyətlərindən asılı olaraq neft yüngül, orta, ağır və bitumlu ola bilər. Bunu başa düşmək lazımdır ki, bəzi neft hasil edən ölkələr hələ də neftin müəyyən faizini idxal etmək məcburiyyətində qalıblar və öz ərazilərində neft hasil etməklə öz daxili ehtiyaclarını tam ödəyə bilmirlər. Fakt budur ki, bu ölkələrin neft emalı bu ölkənin ərazisində hasil edilməyən neft növünə yönəldilə bilər. Nəticədə, hətta neft hasil edən ölkə də öz neftinin bir hissəsini satıb başqa ölkədən, lakin kimyəvi xassələri fərqli olan nefti almağa məcbur olur. Bariz misal: ABŞ Venesueladan 10 dəfə çox neft hasil edir, lakin eyni zamanda ondan neft almağa davam edir, çünki tərkibinə görə bu neft Amerika neftinin emalı üçün daha uyğundur.

    Neft adətən barellə ölçülür: biri təxminən 159 litrə bərabərdir. Fəaliyyət göstərə bilmək üçün dünya iqtisadiyyatları gündə 100 milyon bareldən bir qədər çox (təxminən 15,9 milyard litr) neft istehlak etməlidir. OPEK-in üzvü olan ən böyük neft hasil edən ölkələr hesab edirlər ki, 25 ildən sonra dünyanın təxminən 123 milyon barrelə ehtiyacı olacaq. Yəni, 2024-cü ildən 2050-ci ilə qədər olan dövrdə neft istehlakının artımı təxminən 20% təşkil edəcək.

    Bu proqnoza əsasən aydın olur ki, öz ərazisində böyük neft ehtiyatları aşkar edən ölkələr nə üçün çox zəngin olmaq riski daşıyır. Bunun ən bariz nümunəsi Yaxın Şərqdəki bəzi ölkələrdir. Gündəlik istehlak edilən 100 milyon barel neftin təxminən 3%-i BƏƏ-nin, təxminən 2,5%-i Küveytin payına düşür. Səudiyyə Ərəbistanı Yaxın Şərqdə aparıcı neft istehsalçısı olaraq qalır. Gündə təxminən 9,5 milyon barel neft hasil edir və qlobal neft hasilatında ABŞ-dan sonra ikinci yeri tutur. Ölkənin iqtisadi inkişafı heyrətamizdir. Dünya Bankının məlumatına görə, Səudiyyə Ərəbistanının ÜDM-i inflyasiya nəzərə alınmaqla 1995-2024-cü illər arasında 135 milyard dollardan 1,2 trilyon dollara və ya demək olar ki, 790% artaraq, hər il orta hesabla 25%-dən çox artıb. Bu artımın böyük hissəsi neft gəlirləri hesabına təmin edilib.  Hələ 1930-cu illərdə ölkənin əsas gəlir mənbəyinin əsasını  Məkkəyə Həcc ziyarətinə axın edən zəvvarların hesabına idi. Əgər ölkənin iqtisadiyyatı neftdən çox asılıdırsa, belə çıxır ki, o, neft qiymətlərindən də eyni dərəcədə asılıdır. Məsələn, Səudiyyə Ərəbistanının gəlirlərinin onun xərclərinə bərabər olması (yəni, ölkənin büdcəsinin kəsirsiz olması) üçün neftin qiyməti bir barel üçün 93-96 dollar civarında olmalıdır. Cari qiymətlərlə (təxminən 60-70 dollar/barel) büdcənin gəlir hissəsi xərcləri ödəmədikdə kəsir yaranır. Bu o deməkdir ki, ya xərclər ixtisar edilməlidir. Nəzərə alsaq ki, bu ölkə vətəndaşları arasında o qədər də populyar tədbir deyil. Ya da dövlət borcu artırılmalıdır ki, bu da nə vaxtsa  xidmət xərclərinin artmasına və inflyasiyanın artmasına səbəb ola bilər.

    Neftin qiyməti və büdcə gəlirləri ilə bağlı oxşar vəziyyət hazırda Rusiya iqtisadiyyatında da müşahidə olunur. Rusiyanın 2025-ci il büdcəsinin ilkin layihəsində Urals brendi qiymətinin bir barel üçün 70 dollar civarında olacağı, Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirin isə 10,9 trilyon rubldan bir qədər çox olacağı planlaşdırılırdı. Neftin qiymətinin xeyli aşağı olduğu aydınlaşdıqda, proqnoza yenidən baxılmalı oldu. Yeni büdcə layihəsində 2025-ci ildə Urals-ın qiyməti artıq 56 dollar/barel hesablanıb. Rusiyanın neft və qaz gəlirləri üzrə proqnoz isə 8,3 trilyon rubla (ümumi büdcə gəlirlərinin 21,5%-i) endirilib.

   Digər tərəfdən isə neft zənginliyinin riski  sözdə “Holland xəstəliyi” ilə bağlıdır. Bu ad Hollandiyanın Qroningen qaz yatağının kəşf edildiyi 1959-cu il hekayəsi ilə bağlıdır. Bunun nəticəsində bu resursun ixracı artdı, digər resursların ölkədən ixracının artım tempi isə əksinə azaldı. Bir resursa əhəmiyyətli dərəcədə tələbat olduqda ölkələr həmişə ona meyillənməyə həvəsli olurlar. Əgər bir şeyi cıxarıb satmaq olursa, nəyə görə o, istehsal və emal edilsin? Nəticədə iqtisadiyyat səmərəsiz işləməyə başlayır.

    Yaxın Şərqə bir daha nəzər salsaq, dünyanın neft tələbatının az qala 4%-i İraqdan, 3%-dən bir qədər çoxu isə İrandan gəlir. Lakin onları çətin ki, aparıcı iqtisadiyyata malik ölkələr hesab etmək olar. Bunun əksi də doğrudur: kiçik neft ehtiyatları olan ölkələr heç də həmişə kasıb olmur. Belə çıxır ki, neftin olması özlüyündə zənginlik və firavanlıq üçün nə zəruri, nə də kafi şərtdir.

    Niyə neftin qiyməti hətta ondan asılı olmayan ölkələr üçün belə vacibdir? Bu sualın cavabı son məhsul və xidmətlərin qiymətlərinin artım xarakterində, başqa sözlə desək, inflyasiyanın xarakterindədir. Tipik bir istehsal prosesini nəzərdən keçirək. Bir şey istehsal etmək üçün şirkət xammal və materiallar almalıdır. Bu xammal həm başqa ölkələrdən, həm də yerli istehsalçılardan istehsalata verilə bilər. Xammalın gətirilməsi baha başa gəlir və maya dəyərinə avtomatik olaraq yanacağın qiyməti daxil olur. Bu məhsulun istehsalı başa çatdıqdan və topdansatış alıcılara çatdırıldıqdan sonra daşıma xərcləri də nəzərə alınır. Bu məhsulu mağazadan götürmək və ya kuryer tərəfindən evinizə çatdırmaq üçün siz də müəyyən miqdarda enerji resursları sərf etməli olursunuz.

    Xidmət sektorunda benzinin, dizel yanacağının və təyyarə yanacağının qiyməti mühüm rol oynayır. Məsələn, necə səyahət etməyimizdən asılı olmayaraq, biz A nöqtəsindən B nöqtəsinə keçid prosesini ödəməliyik. Bu birbaşa yanacağın qiymətlərindən asılıdır ki, o da neft qiymətlərindən asılıdır. Neftin qiyməti demək olar ki, hər bir mərhələdə mal və xidmətlərin istehsalı və satışı prosesində birbaşa iştirak edir. Ona görə də bu qiymət nə qədər yüksək olarsa, istehsalın maya dəyəri nə qədər yüksək olarsa, iqtisadiyyatda qiymət səviyyəsi bir o qədər yüksək olar və buna görə də inflyasiya səviyyəsi bir o qədər yüksək ola bilər. Önəmli olan odur ki, bu inflyasiya ölkənin zənginləşməsi (yəni iqtisadi artım hesabına deyil) yox, yalnız əmtəə birjalarında rəqəmlərin dəyişməsi hesabına yaranıb. Belə çıxır ki, neft bazarında həmişə müəyyən qüvvələr pariteti mövcuddur. Çox yüksək qiymət neft idxal etməyə məcbur olan ölkələr üçün, çox aşağı qiymət isə bu nefti istehsal edib satan ölkələr üçün zərərlidir. Alternativ (bərpa olunan) enerji mənbələri inkişaf etdikcə bu paritet dəyişə bilər. Ancaq proqnozlara inansaq, neft bizimlə kifayət qədər uzun müddət qalacaq və təbii ki, bizim rifahımızı müəyyən edəcək.

MONETAR.AZ


Oxşar xəbərlər