Azərbaycanın qeyri-neft ixracı 8,5 faiz artaraq 3,6 milyard dollara çatıb

Azərbaycanın qeyri-neft ixracı 8,5 faiz artaraq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin yanvar sayına dair ilkin göstəriciləri təqdim edib.

İcmala əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac göstəricilərində də ciddi dinamika müşahidə olunub. Belə ki, bu kateqoriya üzrə ixrac 18,4 faiz artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

Ötən ilin yanvar-dekabr aylarında ixrac olunan məhsulların strukturunda şəkər ixracı 57,4 faiz, meyvə-tərəvəz 27,4 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 24,2 faiz artıb. Eyni zamanda, pambıq iplik ixracında 19,3 faiz, kimya sənayesi məhsullarında 8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar üzrə isə 2 faiz artım qeydə alınıb.

İcmalda qeyd olunur ki, 2025-ci il ərzində aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı ötən ilin müvafiq dövrünə nəzərən 18,9 faiz artaraq 1,3 milyard ABŞ dollarına çatıb.

MONETAR.AZ