Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan iqtisadiyyatında qiymət dinamikasına dair növbəti proqnozlarını açıqlayıb. Hesabatda ölkədə orta illik inflyasiya proqnozlarına yenidən baxıldığı və müəyyən artımların qeydə alındığı əks olunub.
BMT Azərbaycan üçün 2026-cı il üzrə orta illik inflyasiya proqnozunu 3,6 faiz səviyyəsində müəyyən edib. Bu göstərici təşkilatın əvvəlki proqnozları ilə müqayisədə 2 faiz bəndi yüksəkdir.
Sənəddə növbəti illər üçün də ehtiyatlı yanaşma müşahidə olunur. Belə ki, BMT 2026-cı il üzrə inflyasiya proqnozunu əvvəlki 3,1 faizdən 4 faizə qaldırıb. Bununla belə, beynəlxalq qurum ölkədə qiymət artımının 2027-ci ildə zəifləyərək 3,5 faizə enəcəyini gözləyir. Bu tendensiya Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi hədəf diapazonuna (4±2%) uyğun hesab olunur.
Hesabatda vurğulanır ki, 2025-ci ildə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiya prosesləri əsasən iki amil – ərzaq məhsullarının bahalaşması və fiskal xərclərin genişlənməsi fonunda sürətlənib. Lakin 2026-cı ildən etibarən region üzrə inflyasiya təzyiqlərinin tədricən zəifləyəcəyi proqnozlaşdırılır.
Proqnozların artırılması həm qlobal təchizat zəncirlərindəki dəyişikliklər, həm də daxili tələbatın stimullaşdırılması ilə əlaqədardır. Buna baxmayaraq Azərbaycanın valyuta ehtiyatlarının səviyyəsi və pul-kredit siyasəti inflyasiyanın nəzarət edilən səviyyədə saxlanılmasına imkan verir.
MONETAR.AZ