2016-cı ildə keçirilmiş tarixi referendumdan 10 il keçdikdən sonra, Birləşmiş Krallığın (UK) Avropa İttifaqından (Aİ) ayrılmasının real iqtisadi və struktur nəticələri tam çılpaqlığı ilə ortadadır. "Deutsche Bank" tərəfindən yayımlanan yubiley hesabatı göstərir ki, Brexit Britaniya iqtisadiyyatını hipotetik "ekiz iqtisadiyyat" (ölkə Aİ-də qalsaydı necə inkişaf edərdi) modeli ilə müqayisədə təxminən 4% kiçildib.
İlk illərdə funt sterlinqin ucuzlaşması və pul-kredit stimulları ilə maskalanan bu mənfi təsirlər, xüsusilə pandemiyadan sonra və 2021-ci ildə Ticarət və Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi ilə daha aydın hiss olunmağa başlayıb.
Onillik sınaq müddəti göstərdi ki, vahid bazardan çıxmaq Britaniya istehsalçıları və əmək bazarı üçün əlavə xərclər və maneələr deməkdir. Brexit ölkədə məşğulluq səviyyəsini 2% azaldıb ki, bu da təxminən 685 min iş yerinin itirilməsi və ya yaradıla bilməməsi mənasına gəlir.
Yeni gömrük rəsmiləşdirilməsi və logistik əngəllər ucbatından istehlak qiymətləri potensial ssenari ilə müqayisədə 0,7% daha yüksəkdir. Gələcək ticarət əlaqələrinə dair uzunmüddətli qeyri-müəyyənlik biznes investisiyalarını iflic edib. Böyük Britaniyanın Aİ-yə mal ixracı G7 ölkələrinin ümumi dinamikasından ciddi şəkildə geri qalır.
Bütün mənfi makroiqtisadi göstəricilərə rəğmən, London Brüsselin bürokratik buxovlarından qurtulmağın bəzi strateji üstünlüklərini reallaşdıra bilib.
"Deutsche Bank" analitiklərinin fikrincə, Londonun itirilmiş iqtisadi artımı bərpa etmək üçün hələ də şansı var. Bunun üçün Aİ ilə yenidən tam siyasi inteqrasiyaya (vahid bazara və ya gömrük ittifaqına qayıtmağa) ehtiyac yoxdur.
Brexit ötən 10 ildə Böyük Britaniyaya baha başa gəldi. Mal ticarəti zəiflədi və əmək bazarında ciddi kadr qıtlığı yarandı. Lakin digər tərəfdən, London rəqəmsal iqtisadiyyatda, süni intellektin tənzimlənməsində və qlobal xidmət ixracında Avropanın ən böyük mərkəzi statusunu qoruyub saxlaya bildi. Reallıq göstərir ki, tam çöküş və ya tam möcüzə baş vermədi; Britaniya sadəcə daha aşağı templə artan, lakin qərarlarında tam müstəqil olan fərqli bir iqtisadi modelə keçid etdi.
MONETAR.AZ