Qlobal istehsalatın mühərriki hesab olunan Çin iqtisadiyyatından ziddiyyətli makroiqtisadi siqnallar gəlməkdədir. Ölkənin iri sənaye müəssisələrinin mənfəəti may ayında ikirəqəmli artım tempini qorusa da, dinamika əvvəlki ayla müqayisədə bir qədər zəifləyib.
Reuters agentliyinin Çin Milli Statistika Bürosunun (NBS) rəsmi hesabatına istinadən yaydığı məlumata görə, illik gəliri ən azı 20 milyon yuan (təxminən 2.95 milyon ABŞ dolları) olan nəhəng sənaye subyektlərinin mənfəəti may ayında illik müqayisədə 21.1% artıb. Bu göstərici apreldəki 24.7%-lik artımdan aşağı olsa da, ilin ilk 5 ayının ümumi mənfəət göstəricisi (18.8%) yanvar–aprel dövrünü (18.2%) qabaqlamağı bacarıb.
Çin sənayesinin daxili strukturunda sahələr üzrə kəskin qütbləşmə müşahidə olunur. Qlobal süni intellekt bumu müəyyən sektorları zirvəyə daşıdığı halda, daxili bazarın rəqabət şərtləri digərlərini sıxışdırır.
Çin sənayesinin may ayı hesabatı, ölkənin qlobal bazarlardan nə dərəcədə asılı olduğunu bir daha sübut edir. Daxili bazarın zəifliyini texnologiya ixracı ilə kompensasiya edən Pekin, hazırda çox ciddi bir "struktur transformasiyası" (structural shift) dövrünü yaşayır.
Kompüter və elektronika sektorunda mənfəətin %103.9 artması Çinin qlobal texnoloji təchizat zəncirindəki inhisarçı (monopolist) mövqeyini gücləndirir. Lakin digər tərəfdən, ölkənin fəxri sayılan avtomobil sektorunda mənfəətin təxminən %20 azalması göstərir ki, daxili bazardakı amansız rəqabət şirkətlərin likvidliyini "yeyir". Əgər Yaxın Şərq böhranı səbəbindən dəniz daşımalarında tariflər yüksələrsə, Çin sənayesi ilin ikinci yarısında xarici marjalarda da daralma ilə üz-üzə qala bilər.
MONETAR.AZ