Qlobal maliyyə bazarlarında növbəti həftə əsas diqqət geosiyasi proseslərə və iri iqtisadi göstəricilərə yönələcək. Xüsusilə Yaxın Şərqdəki münaqişə fonunda atəşkəs danışıqlarının gedişi bazarlara təsir edən başlıca amil olaraq qalacaq.
ABŞ və Amerika
ABŞ-da investorların diqqəti həm iqtisadi göstəricilərə, həm də iri şirkətlərin maliyyə hesabatlarına yönələcək.
Bu həftə JPMorgan Chase, Goldman Sachs, Bank of America və BlackRock kimi maliyyə nəhəngləri rüblük nəticələrini açıqlayacaq.
Eyni zamanda, istehsalçı qiymətləri indeksi (PPI) üzrə məlumatlar enerji qiymətlərində artımın iqtisadiyyata ilkin təsirini göstərəcək. Analitiklər mart ayında qiymətlərin aylıq 1,2 faiz artacağını proqnozlaşdırır.
Regionda həmçinin Kanadada tikinti göstəriciləri, Braziliyada isə pərakəndə satışlar izləniləcək.
Avropa
Avropada iqtisadi məlumatların nisbətən az olmasına baxmayaraq, diqqət enerji təhlükəsizliyi və geosiyasi risklər üzərində qalacaq. Avropa Mərkəzi Bankı son iclasın protokollarını açıqlayacaq.
Eyni zamanda, Avrozonası və Böyük Britaniya üzrə ticarət balansı və sənaye istehsalı göstəriciləri dərc olunacaq.
Siyasi gündəmdə isə Macarıstanda keçiriləcək parlament seçkiləri xüsusi diqqət mərkəzindədir. Bu seçkilərin Avropa İttifaqının gələcək siyasətinə təsir göstərəcəyi gözlənilir.
Asiya-Sakit okean regionu
Regionda əsas diqqət Çin iqtisadiyyatına yönələcək. Ölkədə ÜDM, sənaye istehsalı, pərakəndə satışlar, işsizlik və kredit göstəriciləri açıqlanacaq. Birinci rüb üzrə iqtisadi artımın 5 faizədək yüksələcəyi gözlənilir.
Bundan əlavə, TSMC və ASML kimi texnologiya şirkətlərinin hesabatları süni intellekt sektorunun perspektivləri üçün mühüm siqnallar verəcək.
Digər ölkələrdə də mühüm göstəricilər açıqlanacaq. Hindistanda inflyasiya, Avstraliyada əmək bazarı, Sinqapurda isə ÜDM və ticarət məlumatları diqqətdə olacaq.
Həftə ərzində həmçinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz toplantıları keçiriləcək.
Ümumilikdə, qarşıdakı günlərdə qlobal bazarlarda əsas istiqaməti geosiyasi risklər, enerji qiymətləri və iri iqtisadiyyatların açıqlayacağı statistik göstəricilər müəyyən edəcək.