Çinin ixracı aprel ayında gözləntiləri üstələyən artım nümayiş etdirib. Süni intellekt sahəsində qlobal investisiya bumunun təsiri ölkənin ticarət sektoruna İranla müharibənin yaratdığı ciddi daşınma problemlərinin öhdəsindən gəlməyə kömək edib.
Bloomberg-in Çinin Baş Gömrük İdarəsinin bugün açıqladığı məlumatlara istinadən yaydığı xəbərə görə, ixrac illik müqayisədə 14,1% artıb. Bu göstərici iqtisadçıların 8,4%-lik orta proqnozundan demək olar ki, iki dəfə yüksək olub.
Son artım münaqişənin ilk ayında baş verən kəskin zəifləmədən sonra qeydə alınıb. Həmin dövrdə Yaxın Şərq boyunca ticarət marşrutları görünməmiş çətinliklərlə üzləşmişdi.
Məlumatlar göstərir ki, idxal ixracdan da sürətlə artaraq 25,3%-ə çatıb. Nəticədə Çinin müsbət ticarət saldosu 84,82 milyard dollar təşkil edib.
“Süni intellekt dalğası” idxal artımının əsas hərəkətverici qüvvəsinə çevrilib. Çin şirkətləri məlumat emalı mərkəzləri üçün yüksək səviyyəli çiplər və enerji avadanlıqlarının alışını artırıblar. Bu səbəbdən iqtisadçılar proqnozlarını kəskin şəkildə yeniləyərək, 2021-ci ildən bəri ilk dəfə idxal artımının ixracı üstələyəcəyini gözləyirlər.
Çin müəssisələri son istehsal göstəricilərində də dayanıqlılıq nümayiş etdiriblər. Yeni ixrac sifarişləri üzrə subindeks aprel ayında son iki ildə ilk dəfə artıb. İxracyönümlü şirkətlərin biznes fəallığını ölçən özəl göstərici isə 2020-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb.
Bununla belə, münaqişə faktiki olaraq mühüm enerji daşınma marşrutu olan Hörmüzün bağlanmasına səbəb olub. Hakimiyyət orqanları xəbərdarlıq ediblər ki, uzunmüddətli münaqişə Çini artan xərclər və daxili istehlakın zəifləməsi qarşısında daha həssas vəziyyətə sala bilər.
Çinin ticarət balansındakı qeyri-bərabərliyin gələn həftə Pekində keçirilməsi planlaşdırılan ABŞ Prezidenti Donald Tramp ilə Çin sədri Si Jinping arasında sammitin əsas mövzularından biri olacağı gözlənilir.
Görüş ABŞ-ın Çinlə mal ticarəti üzrə kəsirinin mart ayında ardıcıl üçüncü dəfə artdığını göstərən məlumatların fonunda keçiriləcək.
İxrac qiymətləri üç illik istehsalçı qiymətləri deflyasiyasına son qoyaraq sabitləşməyə başlasa da, enerji daşıyıcıları və xammal qiymətlərinin yüksəlməsi ixracatçıları xarici alıcılar üçün qiymətləri daha da artırmağa məcbur edə bilər.
MONETAR.AZ