Azərbaycan Prezidenti İlham Əliyev 24 aprel 2026-cı il tarixli sərəncamına əsasən, 1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardım ödənilib.
Bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Sərəncama uyğun olaraq, Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 2750 manat məbləğində birdəfəlik maddi yardım verilib.
Eyni zamanda, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul qadınlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş şəxslərə, müharibə illərində ordu və donanmanın maraqları naminə arxa cəbhədə və ya döyüşən donanmaların əməliyyat zonalarında tapşırıqları yerinə yetirən xüsusi bölmələrin əməkdaşlarına, eləcə də Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif olunan və Leningrad blokadasında iştirak etmiş şəxslərə 1500 manat məbləğində müavinət ödənilib.
Ümumilikdə sərəncam təxminən 2 min nəfəri əhatə edib, onlardan 13 nəfəri birbaşa İkinci Dünya müharibəsi iştirakçısıdır. Birdəfəlik maddi yardım onların bank hesablarına köçürülüb.