İdeal Kredit BOKT-un 2025-ci il maliyyə göstəriciləri ilk baxışdan müsbət dinamika nümayiş etdirir. Şirkətin aktivləri 35%, kredit portfeli təxminən 40%, xalis mənfəəti isə 28 %-dən çox artıb. Bununla belə, hesabat detalları böyümənin strukturunda müəyyən risklərin formalaşdığını göstərir.
Ən diqqətçəkən məqamlardan biri aktivlərin böyük hissəsinin kredit portfelində cəmlənməsidir. Şirkətin 24,2 milyon manatlıq aktivlərinin 22 milyon manatdan çoxu müştərilərə verilmiş kreditlərdən ibarətdir. Bu isə aktivlərin təxminən 91%-nin kredit riskinə bağlı olması deməkdir. Belə yüksək konsentrasiya maliyyə təşkilatını bazardakı mümkün iqtisadi zəifləmələrə daha həssas edir. Əgər problemli kreditlər artsa və ya ödəniş intizamı zəifləsə, balansda kifayət qədər likvid aktivin olmaması əlavə təzyiq yarada bilər.
Digər tərəfdən, kredit portfelinin artım tempi ilə mənfəət artımı arasında fərq diqqət çəkir. Kredit portfeli təxminən 39,9% böyüdüyü halda, xalis mənfəət 28,3 % artıb. Normal şəraitdə belə sürətli kredit genişlənməsi daha yüksək gəlirlilik yaratmalı idi.
Bu fərq bir neçə amillə bağlı ola bilər:
-
əməliyyat xərclərinin artması,
-
kredit marjasının daralması,
-
və ya problemli kreditlər üzrə ehtiyat ayırmalarının yüksəlməsi.
Vergi yükündəki dinamika da diqqətdən yayınmır. Vergidən əvvəlki mənfəət 30% artdığı halda, mənfəət vergisi ödənişlərinin 39%-dən çox yüksəlməsi xalis gəlirliliyə əlavə təzyiq yaradır. Bu, vergi güzəştlərinin azalması və ya əvvəlki dövrlərlə bağlı öhdəliklərlə əlaqəli ola bilər. Likvidlik göstəriciləri də müəyyən risk siqnalları verir. Öhdəliklər 30,5% artaraq 13,8 milyon manata çatıb. Aktivlərin böyük hissəsinin kreditlərdə cəmlənməsi nəzərə alınarsa, qısamüddətli öhdəliklərin idarə olunması gələcəkdə daha həssas sahəyə çevrilə bilər.
MONETAR.AZ