Həftəsonu Bakıda kənd təsərrüfatı yarmarkası keçiriləcək

Həftəsonu Bakıda kənd təsərrüfatı yarmarkası

Mayın 9-u və 10-da Bakıda “Kənddən Şəhərə” kənd təsərrüfatı yarmarkası təşkil olunacaq.

Tədbirdə ölkənin 20-yə yaxın bölgəsindən təxminən 40 fermer iştirak edəcək. Yarmarkada 120-yə yaxın kənd təsərrüfatı və ərzaq məhsulu təqdim olunacaq.

Məhsulların keyfiyyətinə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı olan vətəndaşlar yarmarka ərazisində fəaliyyət göstərəcək mobil qida laboratoriyasına müraciət edərək məhsulların analizini etdirə biləcəklər.

Yarmarka iki gün ərzində saat 09:00-dan 19:00-dək Gənclik metro stansiyası yaxınlığında, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında fəaliyyət göstərəcək.

Bildirilib ki, yarmarkada iştirak edən fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz təmin olunurlar.