Bu gün saat 15:00-da Azərbaycanın müxtəlif bölgələrində torpaq sahələri üzrə müsabiqə və hərraclar keçiriləcək.
Məlumata əsasən, torpaq müsabiqə və hərraclarında iştirak etmək istəyən şəxslərin ərizələri 6 aprel – 4 may 2026-cı il tarixlərində qəbul olunub. Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbələrində təşkil edilir.
Hərraca çıxarılan torpaq sahələri əsasən kənd təsərrüfatı təyinatlı olmaqla heyvandarlıq və əkinçilik məqsədləri üçün nəzərdə tutulub. Bununla yanaşı, bəzi rayonlarda fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri də satışa çıxarılıb.
Təklif olunan sahələr Yevlax rayonu, Lənkəran rayonu, Bərdə rayonu, Quba rayonu, Şabran rayonu, İmişli rayonu, Biləsuvar rayonu, Ağsu rayonu, Şəki rayonu və Qəbələ rayonu daxil olmaqla bir sıra inzibati əraziləri əhatə edir.
İcarəyə verilən torpaq sahələrinin müddəti əsasən 5 ildən 15 ilədək dəyişir. Sahələrin ölçüsü isə 1 hektardan başlayaraq 40 hektaradək, bəzi hallarda isə yaşayış məqsədli 500–1100 kvadratmetr aralığında təqdim olunur.
Hərraclarda ilkin qiymətlər və icarə haqları torpağın təyinatına, yerləşdiyi əraziyə və keyfiyyət göstəricilərinə uyğun olaraq müəyyən edilib. Xüsusilə Biləsuvar və Ağsu rayonlarında iri həcmli torpaq sahələri kənd təsərrüfatı məqsədilə uzunmüddətli icarəyə çıxarılıb.
MONETAR.AZ