Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə geri qaytarılan vəsaitlərin ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azalıb.
2025-ci ilin yanvar-aprel aylarında geri qaytarılan vəsaitlərin həcmi 98 milyon manat təşkil etdiyi halda, 2026-cı ilin müvafiq dövründə bu göstərici 96,5 milyon manata düşüb. Nəticədə ümumi azalma təxminən 1,5 milyon manat və ya 1,5 faiz olub.
Məlumata əsasən, ötən ilin göstəriciləri əsasən ƏDV-nin geri qaytarılması, artıq ödənilmiş vergi və rüsumların qaytarılması, eləcə də əmlak əməliyyatları üzrə kompensasiyalar hesabına formalaşıb. Xüsusilə pərakəndə ticarət, iaşə və tibb sahəsində ƏDV geri ödənişləri 62,1 milyon manatla əsas paya sahib olub.
Bundan başqa, artıq ödənilmiş vergilər və sanksiyalar üzrə 23,8 milyon manat, yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə 9 milyon manata yaxın, “Tax Free” və tibbi xidmətlər üzrə isə 2,9 milyon manat geri qaytarılıb.
2026-cı ildə qeydə alınan cüzi azalma əsasən ƏDV geri ödənişlərinin dinamikasında dəyişikliklər və bəzi sektorlar üzrə əməliyyat həcminin nisbətən azalması ilə bağlı ola bilər. Bununla belə, ümumi göstərici büdcə icrası baxımından ciddi kənarlaşma hesab edilmir.
MONETAR.AZ