Balakəndə yeni kanat yolunun tikintisinə başlanılıb

Balakəndə yeni kanat yolunun

Balakən şəhərində, Heydər Əliyev parkında yeni kanat yolunun tikintisinə başlanılıb. Hazırda mövcud xəttin sökülməsi işləri aparılır.

İlkin mərhələdə troslar, eləcə də aşağı və yuxarı terminalların bütün texnoloji və elektrik avadanlıqları demontaj edilib. Hazırda terminal binalarının söküntüsü davam edir.

Layihəyə əsasən, yeni kanat yolunun uzunluğu 850 metr, hündürlüyü isə 53 metr olacaq. Yolda səyahət müddəti təxminən 4 dəqiqə təşkil edəcək.

6 kabinədən ibarət sistem saatda 330 sərnişin daşıya biləcək.

Layihə Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiqlənib.

Onun həyata keçirilməsi regionun turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına yönəlib.