Nəqliyyatda NFC ödənişlərində gecikmə beynəlxalq sistemlərlə bağlıdır

Nəqliyyatda NFC ödənişlərində gecikmə

İctimai nəqliyyatda NFC ödənişləri zamanı vəsaitin bank kartlarından dərhal deyil, gecikmə ilə tutulması texniki xüsusiyyətlərlə bağlıdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov məlumat verib.

Onun sözlərinə görə, bu hal əsasən Visa və Mastercard kimi beynəlxalq ödəniş sistemlərinin iş prinsipi ilə əlaqədardır.

Taleh Kazımov bildirib ki, bir çox ölkədə nəqliyyat ödəniş terminalları oflayn rejimdə fəaliyyət göstərir. Bu zaman sistem kartda kifayət qədər vəsaitin olub-olmadığını dərhal yoxlaya bilmir.

Buna baxmayaraq, sərnişinə nəqliyyatdan istifadə imkanı verilir və ödəniş sonradan – bir neçə saat, bəzən isə bir gün ərzində hesabdan silinir.

Mərkəzi Bank sədri qeyd edib ki, hazırda banklarla birlikdə bu prosesin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır.

“Sinxronlaşma ilə bağlı problemlər varsa, onların aradan qaldırılması üçün tədbirlər görüləcək. Eyni zamanda, bu sahədə beynəlxalq ödəniş sistemlərinin mexanizmlərinin də tənzimlənməsinə ehtiyac var”, – deyə o vurğulayıb.

Qeyd olunur ki, mövcud vəziyyət texniki xüsusiyyətlərdən qaynaqlansa da, bu cür gecikmələr bəzi hallarda istifadəçilər arasında anlaşılmazlıq yaradır. Bu səbəbdən sistemin daha şəffaf və operativ işləməsi üçün əlavə addımların atılması planlaşdırılır.

MONETAR.AZ