Avropada ən zəif maliyyə hesabatları lüks və avtomobil sektorunda qeydə alınıb

Avropada ən zəif maliyyə hesabatları lüks və avtomobil sektorunda

Avropada istehlak malları sektorunda, xüsusilə lüks məhsullar istehsalçıları, avtomobil konsernləri və hotel operatorları cari hesabat mövsümünün ən böyük məyusluqları qeydə alınıb. “Bloomberg” yazır ki, inflyasiyanın artması və geosiyasi qeyri-müəyyənlik gözlənilən tələbat bərpasını pozub.

MSCI Europe Consumer Discretionary indeksinə daxil olan şirkətlərin bir səhm üzrə mənfəəti birinci rübdə 12%-dən çox azalıb. Bu göstərici analitiklərin gözlədiyi 2,4%-lik enişdən xeyli pis nəticədir. Müqayisə üçün, ümumi MSCI Europe indeksində isə mənfəət 5,7% artaraq gözləntiləri üstələyib.

“Bloomberg Intelligence” analitikləri Loran Duye və Simbaraşe Gumbonun fikrincə, sektorda artımın bərpası çətin olacaq: istehlakçılar qeyri-vacib xərcləri azaldır, tarif riskləri qalır və Çin şirkətlərindən gələn rəqabət güclənir.

Zəif nəticələr iri şirkətlərin hesabatlarında da təsdiqlənib. LVMHKering Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda tələbatın azalacağı barədə xəbərdarlıq ediblər. Bu, Dubaydakı satışlara da mənfi təsir göstərib. Hətta daha dayanıqlı sayılan Hermès belə gəlirlərdə azalma qeydə alıb və bu, şirkət səhmlərində enişə səbəb olub.

Hotel sektoru da təzyiq altındadır. Accor ilin əvvəlində Yaxın Şərqdə güclü artımın münaqişə səbəbindən zəiflədiyini bildirib. Xüsusilə BƏƏ-də yerləşən otellər zərər görüb.

Avtomobil istehsalçıları isə ikiqat təzyiqlə üzləşib: müharibənin təsirləri ilə yanaşı, Çin markalarının rəqabəti və tarif qeyri-müəyyənliyi də sektoru sıxışdırır. Stellantisin ABŞ bazarındakı bərpasının dayanıqlılığı sual altına düşüb, Ferrarinin mənfəət artımı isə Yaxın Şərqdə zəngin müştərilərin alışları təxirə salması səbəbindən zəifləyib.

Əlavə risk kimi Donald Trampın Aİ-dən avtomobil və yük maşınlarına 25% gömrük rüsumu tətbiq edə biləcəyi barədə hədəsi də qalmaqdadır. Əgər Brüssel ticarət sazişini tez ratifikasiya etməzsə vəziyyət dərinləşə bilər.

MONETAR.AZ