Metallar rallisi dayanıb: birjalar İranın cavabını gözləyir

Metallar rallisi dayanıb: birjalar

Mis və alüminium qiymətlərindəki kəskin artım dayandırılıb. Xammal bazarları gözləmə rejiminə keçib: treyderlər Donald Trampın irəli sürdüyü yeni sülh təkliflərinə İranın reaksiyasını diqqətlə izləyirlər. Bu barədə “Bloomberg” məlumat yayıb.

Çərşənbə axşamı və çərşənbə günləri sənaye metalları güclü bahalaşma nümayiş etdirmişdi. İnvestorlar müharibənin mümkün yumşalması ilə bağlı artan nikbinliyi qiymətlərə daxil edirdilər. Bu münaqişə qlobal enerji şokuna səbəb olmuş və dünya iqtisadiyyatını risk altında qoymuşdu. Hazırda Tehran hakimiyyəti ABŞ tərəfindən təqdim olunan bir səhifəlik memorandumun məzmununu araşdırır. Sənəddə Hörmüz boğazının blokadadan çıxarılması üzrə plan təklif olunur.

Həftənin əvvəlində neft qiymətlərindəki kəskin dalğalanmalardan sonra sabitləşmə müşahidə olunduğu kimi, mis də artımını dayandırıb. “Qırmızı metal”ın kotirovkası 0,2% azalıb və ton üçün 13 366 dollar təşkil edib. Alüminium 0,6% ucuzlaşıb, sink isə demək olar ki, dəyişməz qalıb.

Analitiklər xəbərdarlıq edirlər ki, sülh sazişi uğurla bağlanarsa, metal qiymətlərinin dinamikası qeyri-bərabər olacaq.

“Müddətli perspektivdə biz gözləyirik ki, müharibənin bitməsi alüminiuma mənfi təsir göstərəcək və qiymətlər enəcək”, — deyə Marex Spectron broker şirkətinin qlobal bazar analitika rəhbəri Qay Vulf Honq-Konqda LME Asia Week çərçivəsində keçirilən seminar zamanı bildirib.

Lakin ekspertin sözlərinə görə, bu mümkün eniş investorlar üçün qorxulu olmamalıdır.

“Bu düşüş, əksinə, yaxşı alış fürsəti yarada bilər, çünki istehsalatda fiziki pozuntular və Yaxın Şərqdə infrastruktur problemləri dərhal aradan qaldırıla bilməz”, — deyə Vulf əlavə edib.

MONETAR.AZ