Avropa ABŞ-la ticarət sazişi üzrə danışıqlarda uğursuz oldu

Avropa ABŞ-la ticarət sazişi üzrə danışıqlarda

Avropa İttifaqı ABŞ-la uzun müddətdir müzakirə olunan ticarət sazişini gərgin gecə danışıqları zamanı yekunlaşdıra bilməyib. Danışıqların uğursuzluğu Donald Trampın Avropaya qarşı yeni gömrük rüsumları ilə hədələdiyi kəskin təzyiqlər fonunda baş verib. Bu barədə “Bloomberg” məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, “danışıqlar yaxın həftələrdə davam edəcək”. Kiprin enerji naziri Maykl Damianos Avropa rəsmilərinin prosesi sürətlə irəlilətməyə sadiq olduqlarını vurğulayıb.

Prosesin uzanması Ağ Evdə açıq narazılıq doğurub. Brüssel ABŞ-ın artan təzyiqi altındadır. Ötən həftə Donald Tramp birbaşa hədələr səsləndirərək, Avropadan idxal olunan avtomobillərə tətbiq olunan rüsumların 15%-dən 25%-ə qaldırılacağını bildirib və Aİ-ni sazişi bilərəkdən gecikdirməkdə ittiham edib.

ABŞ-ın Aİ-dəki səfiri Endryu Pazder də xəbərdarlığı gücləndirərək, əgər Brüssel bu həftə “ciddi irəliləyiş” göstərməsə, avtomobil rüsumlarının “tezliklə” artırılacağını deyib.

İyul ayında əldə edilən ilkin razılaşmaya əsasən, Aİ ABŞ-dan sənaye məhsullarına tətbiq olunan rüsumları tamamilə ləğv etməyi öhdəsinə götürmüşdü. Əvəzində Vaşinqton Avropa mallarının böyük hissəsi, o cümlədən avtomobil sənayesi üçün 15% tarif “tavanı” tətbiq etməyə razılaşmışdı.

ABŞ tərəfi bildirir ki, onlar öz öhdəliklərini qismən yerinə yetiriblər, lakin Aİ daxili bürokratik və hüquqi prosedurlar səbəbindən prosesi gecikdirir və müqaviləyə əlavə “təhlükəsizlik mexanizmləri” daxil edilməsini tələb edir.

Avropa parlament üzvləri isə Tramp administrasiyasının qeyri-sabit siyasətindən ehtiyat edərək, sazişin yalnız ABŞ tam öhdəliklərini yerinə yetirdikdən sonra qüvvəyə minməsini təmin edən mexanizmlərin daxil edilməsində israr edirlər.

MONETAR.AZ