Bu gün ədliyyə orqanlarına qəbul imtahanı keçirəcək

Bu gün ədliyyə orqanlarına

Mayın 7-də Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirəcək.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50, TÜRKPA-nın yanı) kompüter vasitəsilə təşkil olunacaq.

İmtahanda ümumilikdə 121 namizədin iştirakı nəzərdə tutulur. İmtahan saat 16:00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahanı bitirdikdən dərhal sonra nəticələrlə tanış ola biləcəklər, nəticələr isə növbəti gün DİM-in rəsmi saytında dərc olunacaq.

Qeyd edilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni elektron xidmət vasitəsilə çap etməlidirlər və imtahan zamanı şəxsiyyət vəsiqəsinin əslini və buraxılış vərəqəsini təqdim etməlidirlər. Bu sənədlərdən hər hansı biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda 100 test tapşırığı təqdim olunur. Bunlardan 80-i hüquq və qanunvericilik sahəsini, 20-si isə məntiqi nəticə çıxarma qabiliyyətini yoxlayır. Hüquq sualları üzrə hər düzgün cavab 1 bal, məntiq sualları üzrə isə 0,5 bal ilə qiymətləndirilir. Maksimum nəticə 90 bal təşkil edir və səhv cavablar nəticəyə təsir etmir.

MONETAR.AZ