Rusiya iqtisadiyyatında zəifləmə: enerji gəlirləri azalır

 Rusiya iqtisadiyyatında zəifləmə:

Rusiya iqtisadiyyatında son aylarda zəifləmə meyilləri güclənir və enerji gəlirlərinin azalması fonunda artım tempi aşağı düşür.

Rəsmi  statistik göstəricilərə əsasən, ölkənin ümumi daxili məhsulu 2026-cı ilin yanvar ayında 2,1 faiz, fevral ayında isə 1,5 faiz azalıb. Bu, son illərdə müşahidə edilən sabit artım dövründən sonra iqtisadi aktivliyin zəiflədiyini göstərir.

Analitiklərin qiymətləndirməsinə görə, əsas səbəblərdən biri Rusiyanın iqtisadi modelində mühüm rol oynayan neft və qaz gəlirlərinin tədricən azalmasıdır. Enerji ixracından əldə olunan gəlirlər əvvəlki illərdə aylıq 20–30 milyard avro səviyyəsində olsa da, son dövrlərdə daha aşağı göstəricilərə enib.

Mütəxəssislər bildirirlər ki, 2023–2024-cü illərdə enerji bazarlarında nisbi sabitlik və yüksək qiymətlər iqtisadiyyata dəstək versə də, 2025–2026-cı illərdə vəziyyət dəyişməyə başlayıb. Gəlirlərin azalması büdcə gəlirlərinə və iqtisadi artıma birbaşa təsir göstərir.

Eyni zamanda qeyd olunur ki, Ukrayna müharibəsi fonunda tətbiq edilən sanksiyalar, enerji infrastrukturuna edilən zərbələr və alternativ bazarlara çıxış məhdudiyyətləri Rusiya iqtisadiyyatına əlavə təzyiq yaradır.

Mütəxəssislərin fikrincə, neft və qaz gəlirlərindən yüksək asılılıq Rusiya iqtisadiyyatının əsas risk amili olaraq qalır və bu gəlirlər azaldıqca iqtisadi artımın davamlılığı da zəifləyir.

MONETAR.AZ