Çin qızıl ehtiyatlarını ardıcıl 18-ci ay artırıb

Çin qızıl ehtiyatlarını ardıcıl

Çin Xalq Bankı aprel ayında da qızıl ehtiyatlarını artırmağa davam edib. Beləliklə, ölkə ardıcıl 18-ci aydır qızıl ehtiyatlarını genişləndirir. Bu barədə bugün yayımlanan rəsmi məlumatda bildirilir.

Aprelin sonuna Çinin qızıl ehtiyatları 74,64 milyon troya unsiyasına çatıb. Mart ayında bu göstərici 74,38 milyon unsiya idi.

Ölkənin ümumi qızıl ehtiyatlarının dəyəri ötən ayın sonunda 344,17 milyard dollar təşkil edib. Müqayisə üçün, bir ay əvvəl bu rəqəm 342,76 milyard dollar idi.

Qızıl ehtiyatlarının dəyərindəki artım mart ayında qeydə alınmış enişdən sonra baş verib. Həmin dövrdə qızıl qiymətlərinin kəskin ucuzlaşması səbəbindən bir neçə aydan sonra ilk dəfə azalma müşahidə olunmuşdu.

Apreldə spot qızıl qiymətləri ardıcıl ikinci ay geriləyib. Buna səbəb İranla bağlı müharibə fonunda neftin bahalaşmasının inflyasiyanı yüksək səviyyədə saxlayacağı və mərkəzi bankları faiz endirimlərini təxirə salmağa məcbur edəcəyi ilə bağlı narahatlıqlar olub.

Ayın sonunda isə dolların zəifləməsi və neft qiymətlərinin enməsi fonunda qızıl yenidən bahalaşmağa başlayıb.

MONETAR.AZ