Xəzər dənizi İran iqtisadiyyatını dirçəldir

Xəzər dənizi İran iqtisadiyyatını

Xəzər dənizi Hörmüz boğazı və Fars körfəzi bölgəsində davam edən risklər və məhdudiyyətlər fonunda İranın xarici ticarəti üçün getdikcə daha mühüm istiqamətə çevrilir. Bu barədə The National Interest nəşri yazır.

Nəşrin təhlilinə görə, indiyədək İranın ixrac və idxalının təxminən 90%-i əsasən cənub dəniz marşrutları vasitəsilə həyata keçirilirdi. Lakin regiondakı gərginlik və logistik problemlər səbəbindən bu yolların etibarlılığı azalıb və Tehran şimal istiqamətini daha fəal inkişaf etdirməyə başlayıb.

Ekspertlər bildirirlər ki, Xəzər dənizi üzərindən qurulan logistik əlaqələr İran mallarının xarici bazarlara çatdırılmasında getdikcə daha böyük rol oynayır. Nəticədə şimal marşrutu ölkənin əsas xarici iqtisadi kanallarından birinə çevrilməkdədir.

Eyni zamanda vurğulanır ki, bu istiqamətdəki infrastruktur da müəyyən risklərlə üzləşir. Belə ki, mart və aprel aylarında İranın Gilan əyalətində yerləşən Bəndər-Ənzəli liman zonasına endirilən zərbələr bəzi obyektlərə ziyan vurub və logistik zəncirin fəaliyyətini çətinləşdirib.

Bu şəraitdə İranın şimal tərəfdaşları ilə, xüsusilə də Rusiya ilə əməkdaşlığının rolu artır. Moskva İranla ticarət və nəqliyyat əməliyyatlarını genişləndirir və Xəzər regionu üzərindən alternativ təchizat sxemlərindən istifadə edir.

Məqalədə qeyd olunur ki, Xəzər dənizi artıq yalnız daxili ticarət hövzəsi olmaqdan çıxır və İranın xarici ticarətinin davamlılığını təmin edən regional iqtisadi və logistik infrastrukturun strateji elementi kimi ön plana çıxır.