Çin elektromobilləri Alman avtomobil sənayesini “xilas edə” bilər?

Çin elektromobilləri Alman avtomobil sənayesini

Schaeffler şirkətinin baş direktoru Klaus Rosenfeld bildirib ki, Çin avtomobil istehsalçılarının Avropa bazarına daxil olması təhlükə deyil, əksinə biznes və texnoloji əməkdaşlıq üçün fürsətdir. Bu barədə Bloomberg məlumat yayıb.

Onun sözlərinə görə, Schaeffler Çin markalarına avtomobil komponentləri tədarük etməyə tam hazırdır. Hazırda Çin-in böyük avtomobil şirkətləri — xüsusilə BYD və Chery Automobile artıq Avropa İttifaqı ərazisində istehsalı genişləndirir.

Rosenfeld qeyd edib ki, bu proses Avropanın ənənəvi avtomobil nəhəngləri üçün də yeni imkanlar yaradır və Çin şirkətlərindən öyrəniləcək çox şey var.

Eyni zamanda Avropa İttifaqı avtomobil sənayesi ciddi transformasiya dövründən keçir. Zəif tələbat, elektrik avtomobilləri bazarında qeyri-sabitlik və yüksək xərclər istehsalçılara təzyiq göstərir.

Böyük şirkətlərdən Volkswagen və Stellantis kimi nəhənglər əlavə xərclər və aşağı istehsal gücü problemi ilə üzləşib. Hətta Volkswagen on minlərlə iş yerini azaltmağı planlaşdırır.

Schaeffler də təxminən 4 700 iş yerinin ixtisarını nəzərdən keçirir.

Buna baxmayaraq, şirkət rəhbəri Çin bazarı ilə uzunmüddətli əməkdaşlığın artıq mövcud olduğunu və bu əlaqələrin genişlənməsinin Avropa təchizatçıları üçün “xilas yolu” ola biləcəyini vurğulayıb.

 

MONETAR.AZ