Bakı Metropoliteni yenidən təşkil ediləcək - FƏRMAN

Bakı Metropoliteni yenidən

Bakı Metropoliteni QSC yenidən təşkil olunub

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, BakuBus MMCBakı Taksi Xidməti MMC “Bakı Metropoliteni” QSC-yə qoşulub.

Bununla da “Bakı Metropoliteni” metro, avtobus, tramvay və taksi xidmətlərini vahid sistem çərçivəsində idarə edən kommersiya hüquqi şəxs statusu qazanıb.

Yeni modelə əsasən, qurum ictimai nəqliyyat sahəsində sərnişindaşımanın təşkili, xidmət keyfiyyətinin və təhlükəsizliyinin artırılması, rəqəmsal ödəniş həllərinin tətbiqi, həmçinin nəqliyyat infrastrukturunun layihələndirilməsi və tikintisini həyata keçirəcək.

Fərmanda qeyd olunub ki, “Bakı Metropoliteni” QSC “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin hüquqi varisi hesab edilir və həmin qurumların bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı cəmiyyətə keçir.

Qurumun fəaliyyətinə nəzarət məqsədilə sədr daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Cari idarəetmə isə sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti tərəfindən həyata keçiriləcək.

Fərmana əsasən, cəmiyyətin yenidən təşkili və ləğvi, həmçinin İdarə Heyəti üzvlərinin təyin və azad edilməsi səlahiyyətləri Prezidentə məxsus olacaq.

Digər idarəetmə funksiyalarının bir hissəsi Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) tərəfindən həyata keçiriləcək.

Müşahidə Şurasına inkişaf strategiyasının hazırlanması, maliyyə planlaşdırılması, strukturun formalaşdırılması, auditin təşkili və digər mühüm idarəetmə funksiyaları həvalə olunub.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Eyni zamanda, AZCON üç ay müddətində “Bakı Metropoliteni” QSC-nin yeni nizamnaməsini və strukturunu Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

MONETAR.AZ