“Bakı Metropoliteni”nə tramvay nəqliyyatının təşkili səlahiyyəti verildi

“Bakı Metropoliteni”nə tramvay nəqliyyatının təşkili

Bakı Metropoliteni QSC tramvay nəqliyyatının təşkili ilə bağlı yeni səlahiyyətlər əldə edib.

Müvafiq dəyişiklik İlham Əliyev tərəfindən imzalanan “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı fərmanda əksini tapıb.

Fərmana əsasən, qurum bundan sonra ictimai nəqliyyat sahəsində metro, avtobus, tramvay və taksi xidmətlərinin təşkili, sərnişindaşımanın keyfiyyət və təhlükəsizliyinin artırılması, həmçinin rəqəmsal və innovativ ödəniş həllərinin tətbiqi istiqamətində fəaliyyət göstərəcək.

Sənədə əsasən, “Bakı Metropoliteni” yeni nəqliyyat infrastrukturu obyektlərinin layihələndirilməsi və tikintisini də həyata keçirəcək. Buraya metro və tramvay xətləri ilə yanaşı, avtovağzallar, terminallar, texniki xidmət və təmir stansiyaları da daxildir.

Bundan başqa, fərman müxtəlif nəqliyyat növlərinin – metro, avtobus, tramvay və taksi xidmətlərinin vahid mərkəzdən idarə olunmasını və qarşılıqlı inteqrasiyasını nəzərdə tutur. Qərarın paytaxtda ictimai nəqliyyat sisteminin koordinasiyalı və daha effektiv idarə edilməsinə xidmət edəcəyi bildirilir.

MONETAR.AZ