Müasir dövrdə kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi kimi deyil, həm də ərzaq təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ekoloji dayanıqlılığın qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı Ekspo Mərkəzi-də keçirilən Caspian Agro və InterFood Azerbaijan sərgilərinin açılış mərasimində deyib.
Nazirin sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, təbii resurslardan səmərəli istifadə zərurəti və artan ərzaq tələbatı aqrar siyasətdə yeni yanaşmaların tətbiqini vacib edir.
O qeyd edib ki, sərgilərdə müxtəlif ölkələrdən dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq təşkilatların, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, investorların və fermerlərin iştirakı kənd təsərrüfatının strateji əhəmiyyətini və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənən rolunu nümayiş etdirir.
Nazir vurğulayıb ki, Azərbaycanda aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Həyata keçirilən islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Onun sözlərinə görə, dövlət tərəfindən subsidiyalar verilməsi, güzəştli kreditlərin təqdim olunması, kənd təsərrüfatı texnikasına əlçatanlığın artırılması, aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin təşviqi sektorun dayanıqlı inkişafına mühüm töhfə verir.
Məcnun Məmmədov əlavə edib ki, aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsi, “ağıllı kənd təsərrüfatı” həllərinin tətbiqi, su resurslarından səmərəli istifadə və torpaq münbitliyinin qorunması dövlət siyasətinin əsas istiqamətləri sırasındadır. Məqsəd müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialını artıran güclü aqrar sistem formalaşdırmaqdır.
Nazir həmçinin bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr ölkənin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur. Bu ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və “ağıllı kənd” yanaşmalarının tətbiqi regionun aqrar potensialının reallaşdırılmasına xidmət edir.
MONETAR.AZ