Dövlət torpaqlarının icarəsində yeni mexanizm: əmsal sistemi tətbiq olunur

Dövlət torpaqlarının icarəsində yeni mexanizm:

Nazirlər Kabinetinin yeni qərarı ilə dövlət torpaqlarının illik icarə haqqının hesablanması qaydaları yenilənib. Yeni mexanizm dövlət torpaqlarının bazar dəyərinə uyğun qiymətləndirilməsini və icarə haqlarının daha standart prinsiplərlə müəyyənləşdirilməsini nəzərdə tutur. Qərara əsasən, icarə haqqının hesablanmasında əsas meyar torpağın bazar dəyəri olacaq. Bakı şəhərində yerləşən dövlət torpaqları üçün illik icarə haqqı torpağın bazar dəyərinin 3%-i, digər şəhər və rayonlarda isə 2%-i həcmində müəyyən edilir.

Yeni qaydalarda torpaq sahəsinin ölçüsünə görə fərqli əmsallar tətbiq olunur. Məqsəd iri torpaq sahələrinin istifadəsində xərclərin mərhələli şəkildə optimallaşdırılmasıdır. Belə ki, 5 000 kvadratmetrədək torpaq sahələri üçün 1,0 əmsalı tətbiq edilir. 5 001–10 000 kvadratmetr aralığında olan hissə üçün əmsal 0,8, 10 001–50 000 kvadratmetr aralığında 0,7, 50 000 kvadratmetrdən yuxarı hissə üçün isə 0,5 müəyyən olunub. Məsələn, Bakıda yerləşən və bazar dəyəri “D” olan 12 min kvadratmetrlik torpaq sahəsinin illik icarə haqqı hissələr üzrə fərqli əmsallar tətbiq edilməklə hesablanacaq. Bu yanaşma iri sahələr üçün ümumi xərc yükünün nisbətən azalmasına imkan yaradır.

Yeni mexanizm bir neçə istiqamətdə təsir göstərə bilər. İlk növbədə, uzun müddət istifadəsiz qalan və ya aşağı səmərəliliklə istifadə olunan dövlət torpaqları üzrə xərc hesablamaları dəyişəcək. Bu isə bəzi sahibkarları ya torpaqdan daha aktiv istifadə etməyə, ya da artıq sahələrdən imtina etməyə sövq edə bilər. Digər tərəfdən, iri sənaye, logistika və istehsal layihələri həyata keçirən investorlar üçün böyük sahələrə tətbiq edilən aşağı əmsallar əlavə üstünlük yaradır. Xüsusilə geniş ərazi tələb edən layihələrdə bu model xərclərin optimallaşdırılmasına təsir edə bilər.

Yeni sistem həmçinin icarə haqlarının hesablanmasını daha proqnozlaşdırılan edir. Sahibkarlar torpaq sahəsinin ölçüsü və bazar dəyəri əsasında ödənişi əvvəlcədən hesablaya biləcəklər.

Ümumilikdə, yeni qaydalar dövlət torpaqlarının idarə olunmasında bazar prinsiplərinin gücləndirilməsinə və icarə mexanizminin daha vahid yanaşma ilə tətbiqinə yönəlib.

MONETAR.AZ