Azərbaycanda səhiyyə sistemi son 10 ildə necə dəyişib? 

Azərbaycanda səhiyyə sistemi

2015-2025-ci illəri əhatə edən rəsmi statistik göstəricilər Azərbaycanda səhiyyə sistemində struktur dəyişikliklərinin davam etdiyini göstərir. Son on ildə həkimlərin sayı artsa da, xəstəxana müəssisələrinin və çarpayı fondunun azalması diqqət çəkən əsas tendensiyalardan biri olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə bütün ixtisaslar üzrə həkimlərin sayı 2015-ci ildəki 32,8 min nəfərdən 2025-ci ildə 35,2 min nəfərə yüksəlib. Bununla belə, əhalinin hər 10 min nəfərinə düşən həkim sayı demək olar ki, dəyişməyib və 34,6-dan 34,5-ə enib. 

Orta tibb işçilərinin sayı da 56,1 mindən 57,7 min nəfərə yüksəlib. Lakin əhaliyə nisbətdə göstərici azalıb: hər 10 min nəfərə düşən orta tibb işçilərinin sayı 59,3-dən 56,4-ə geriləyib.

Ən ciddi dəyişikliklər xəstəxana infrastrukturu üzrə müşahidə olunur. Son 10 ildə xəstəxana müəssisələrinin sayı 566-dan 350-yə düşüb. Xəstəxana çarpayılarının sayı isə 46,4 mindən 40,3 minə qədər azalıb. Əhalinin hər 10 min nəfərinə düşən çarpayı sayı da 49-dan 39,4-ə enib.

Uşaq və ana sağlamlığı üzrə göstəricilərdə də azalma qeydə alınıb. Xəstə uşaqlar üçün çarpayıların sayı 6,4 mindən 4,6 minə, hamilə və zahı qadınlar üçün çarpayı sayı isə 4,7 mindən 3,6 minə düşüb.

Ambulator-poliklinika müəssisələrinin sayı da azalma tendensiyası göstərib. Bu tip müəssisələrin sayı 1746-dan 1676-ya enib. Qadın məsləhətxanalarının sayı 138-dən 106-ya, uşaq poliklinikaları və uşaq şöbəsi olan müəssisələrin sayı isə 251-dən 230-a düşüb.

Bununla yanaşı, ambulator-poliklinika müəssisələrinin gücündə müəyyən artım müşahidə olunur. Bir növbədə qəbul gücü 106,3 mindən 108,2 minə yüksəlib. Bu isə daha az sayda müəssisə ilə daha böyük xidmət tutumuna keçidin baş verdiyini göstərir. Lakin əhaliyə nisbətdə bu göstərici 112,2-dən 105,9-a enib.

Körpələr evlərinin sayı da azalıb. 2015-ci ildə 4 körpələr evi fəaliyyət göstərirdisə, 2025-ci ildə bu rəqəm 3-ə düşüb. Bu müəssisələrdə yerlərin sayı 215-dən 200-ə, uşaqların sayı isə 155-dən 91-ə qədər azalıb.

Rəsmi qeydlərdə xəstəxana müəssisələrinin və çarpayı fondunun azalmasının səhiyyə sistemində aparılan islahatlarla əlaqəli olduğu bildirilir. Bu dəyişikliklər mərkəzləşmə, optimallaşdırma və xidmət modelinin yenilənməsi ilə izah edilir.

Ümumilikdə, son 10 ilin statistikası göstərir ki, Azərbaycan səhiyyə sistemi daha kompakt və optimallaşdırılmış modelə keçir. Lakin infrastrukturun azalması fonunda əsas məsələ xidmət keyfiyyətinin və əlçatanlığın necə dəyişdiyi olaraq qalır.

MONETAR.AZ