Azərbaycan Beynəlxalq Bankı Özbəkistanın Davr Bank bankının səhmlərinin 51%-ni almağa hazırlaşır. Sövdələşmə Azərbaycan bank sektorunun xarici bazarlara çıxışı baxımından diqqət çəkən addımlardan biri hesab olunur.
Maraqlı məqamlardan biri isə Özbəkistan bank bazarında faiz dərəcələrinin Azərbaycandan xeyli yüksək olmasıdır. Belə ki, Davr Bank milli valyuta — somla əmanətləri illik 21%-lə, ABŞ dolları ilə yerləşdirilən əmanətləri isə illik 7%-lə qəbul edir.
Azərbaycanda isə əmanət faizləri əsasən qorunan əmanətlər üzrə müəyyən edilən hədlərə yaxın formalaşır. Hazırda manat əmanətləri üzrə yuxarı hədd 12%, xarici valyutada isə 2,5% təşkil edir.
Özbəkistanda kredit faizləri də yüksəkdir. Somla mikrokreditlər illik 26-38%, ipoteka kreditləri isə 26-29% diapazonunda təklif olunur. Bu isə ölkədə milli valyuta və inflyasiya risklərinin daha yüksək olması ilə əlaqələndirilir.
Davr Bank haqqında açıq mənbələrdə bəzi riskli məqamlar qeydə alınıb. Bank zaman-zaman tənzimləyici qurumlar tərəfindən kredit əməliyyatlarında səhvlər, artıq faiz və komissiya tutulması kimi pozuntulara görə xəbərdarlıqlar və cərimələrlə üzləşib. Bundan başqa, müştəri şikayətləri əsasən kredit şərtləri və faiz hesablamaları ilə bağlıdır.
MONETAR.AZ